Polkovnik Babək Səmidlinin şəhadətindən bir il keçir

Polkovnik Babək Səmidlinin şəhadətindən bir il keçir backend

Bu gün Vətən müharibəsinin şəhidi, polkovnik Babək Səmidlinin şəhadətindən bir il keçir. 

Qazilər.az Vətən müharibəsi şəhidinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

Babək Mətləb oğlu Səmidli 1974-cü il yanvarın 7-də Göyçay şəhərində anadan olub. 1993-cü ildə Ankarada Quru Qoşunları Məktəbinə daxil olub və 1997-ci ildə həmin məktəbin məzunu olub. O, 1997-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.

Babək Səmidli 2016-cı ilin aprel döyüşlərində də iştirak edib. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Babək Səmidli 1-ci Ordu Korpusunun Əməliyyat bölməsinin rəisi olub. Cəbhənin Tərtər rayonu istiqamətində gedən döyüşlərin idarə edilməsi məhz ona həvalə olunub. 

Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25 iyun 2018-ci il tarixli Sərəncamına əsasən Babək Səmidli “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun polkovniki və 1-ci Ordu Korpusunun Komandir müavini olan Babək Səmidli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsində də iştirak edib. Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və döyüşü idarə edənlərdən biri olub. Onun rəhbərliyi altında Suqovuşan qəsəbəsi qısa müddət ərzində işğaldan azad edilib.

O, 2020-ci ilin noyabrda minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Babək Səmidli noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Şəhidimizin Vətənə əmanət iki oğul övladı yadigar qalıb.

Şəhid Babək Səmidliyə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil verilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, polkovnik Babək Səmidli ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Oxu.az

loading...
Diaspora