Rusiya-Ukrayna müharibəsi başlayır? - Vəziyyət yenidən kritikləşir

Rusiya-Ukrayna müharibəsi başlayır? -  Vəziyyət yenidən kritikləşir backend

Rusiya Ukrayna ilə sərhədə texnika yığmağa davam edir. Görünən odur ki, müharibə qapının ağzındadır. Savaşdan qaçmaq mümkün olacaqmı? Hazırda əsas suallardan biri budur.

Məlumatlara görə, Rostov vilayətində Ukrayna sərhədləri istiqamətində irəliləyən daha bir neçə yüz tank, o cümlədən digər çoxsaylı hərbi texnikanı daşıyan dəmiryol eşalonları görünüb. Şahidlərin çəkdikləri və sosial şəbəkələrdə yerləşdirdikləri kadrlara əsasən bunlar T-72B2 və T-72B3 əsas döyüş tanklarıdır. Habelə dəmiryol platforması boyu düzülmüş “Uraqan” və “Qrad” reaktiv yaylım atəşi sistemləri, radioelektron mübarizə vasitələri və bir çox yardımçı texnika gözə dəyir.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu müharibənin olacağını ehtimal etmir: “Rusiya-Ukrayna sərhədində getdikcə vəziyyət gərginləşir. Çünki Donbasın özündə vəziyyət gərgindir. Rusiya Ukraynanı ittiham edir. Amma bu ittihamlar gülüncdür. Çünki Ukrayna öz ərazi bütövlüyünü təmin etməyə çalışır. İndi də Rusiya hərbi gücü ilə Ukraynanı qorxutmağa çalışır ki, əgər Ukrayna ordusu Donbasa daxil olsa, rus ordusu da ora daxil olacaq. Bu da iki ölkə arasında müharibəyə gətirib çıxaracaq. Əslində müharibə çoxdan başlayıb. Rusiya Donbasda yaşayanlara rus pasportları da paylayıb. Bu da o deməkdir ki, sanki ərazini işğal edib. Orada yaşayanlara bir şey olsa, Rusiya müdafiəçi adı altında ora daxil ola bilər. Keçmişdə Rusiya prezidenti Ukrayna ilə müharibənin uzaq ehtimal olduğunu deyərdi, bunun mümkün olmadığını ehtimal edərdi. Amma özünün siyasəti nəticəsində proseslər ona doğru gedir.

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu: “Rusiyanın planı belədir ki, Ukraynadan daha çox ərazi qoparsın”

Vaxtı ilə özlərini iki qardaş ölkə adlandıran mərkəzlər bir-birinə qarşı dayanıblar. Əslində son illərdə savaş da oldu. Hər iki tərəf minlərlə itki verib. Rusiya-Ukrayna savaşı Krımın ilhaqından sonra başladı. Bu proses hələ dayanmayıb. Dayana da bilməz. Çünki Ukrayna öz ərazilərini bərpa etməyə çalışır. Krım bir az arxa plandadır. Donbas Ukrayna üçün əsas məsələdir. Ukraynada anlayırlar ki, ərazi bütövlüyünü təmin etmədən Ukraynanın bütövlüyünün inkişafını təmin etmək çətin olacaq. Rusiya Rostov tərəfdə qoşun yığmaqla Ukraynanı qorxutmağa çalışır ki, qarşınızda rus ordusunu görəcəksiniz. Hər şey Ukrayna prezidentinin qərarından asılı olacaq. Amma inanmıram ki, rəsmi Kiyev indiki şərtlər altında riskə getsin. Çünki başa düşürlər ki, Rusiya əks zərbə ilə Ukraynanı daha çox parçalamağa çalışacaq. Rusiyanın planı var ki, Ukraynadan daha çox ərazi qoparsın. Rusiyanın planı ilə Ukraynanın yarısı gedir. Ona görə Zelenski bir qədər ehtiyatlı mövqe tutmağa çalışacaq”.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi yoldur”  Pravda.az

Əhəd Məmmədli: “Kiyev indiki məqamda Moskva ilə savaşan deyil”

Siyasi şərhçi Əhəd Məmmədli də fərqli düşünmür: “Rusiya ilə Ukrayna arasında hansısa genişmiqyaslı müharibənin olacağını düşünmürəm. Kreml qoşunlarını sərhədə yığa bilər. Bununla Ukraynaya, NATO-ya hədə-qorxu gəlmək istəyər. Amma genişmiqyaslı müharibəyə gedilməz. Azından Ukrayna buna getməz. İndiki məqamda rəsmi Kiyev o gücdə də deyil. Ən azından o siyasi iradə də deyil. Son proseslər onu göstərir ki, Qərb Ukraynaya görə keçmişdə olduğu kimi indi də savaşan deyil. Ukrayna da bunu anlayır. Amerikada Reyqan, hətta Buş Administrasiyası belə yoxdur ki, Rusiya ilə lazımi səviyyədə danışsın. Ona görə Kiyev indiki məqamda Rusiya ilə savaşan deyil”.

elsen mustafayev.jpg (186 KB)

Elşən Mustafayev: “Əslində, Rusiya Ukraynanı qorxutmaq istəyir”

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev isə bunları dedi: “Rusiya bu günə qədər Donbasda birbaşa hərbi mövcudluğunu inkar edib və hələ də edir. O həmin ərazilərdə yaşayan rus əsilli Ukrayna vətəndaşlarına ancaq müxtəlif yardımlar etdiyini bildirir və oradakı silahlıların da yerli əhalidən ibarət olduğunu bildirir. Amma məlumdur ki, bu cəfəngiyatdır. Qondarma separatçı rejimin hərbi formalarını geyinən hərbiçilərin əksəriyyəti məhz Rusiya zabit və əsgərləridir, malik olduqları silahların isə hamısı Rusiya inventarıdır. Bu o deməkdir ki, Donbasdakı hadisələrin önündə Rusiya olsa da bunu açıq etiraf etməkdən qorxur. Yəni Ukrayna ilə birbaşa üz-üzə gəlmək indiki durumda dünyanın əsas güc mərkəzləri ilə üz üzə gəlmək deməkdir. Bu o güclərin Rusiyanın üstünə daha aqressiv gəlinməsi üçün əlavə və ciddi əsaslar yaradır. Hazırkı durumda Avropa İttifaqının əsas dövlətləri ilə münasibətləri düzəltməyə çalışan Kreml üçün bu çox ziyanlı bir siyasət olar.

Amma bu o demək deyil ki, Rusiya Ukraynadakı maraqlarından geri çəkilmək niyyətindədir. Son zamanlar Ukraynanın Donbas ərazisində bir sıra hərbi əməliyyatlar keçirtməsi, hətta Bayrakdar dronlarından istifadə etməsi Rusiyanı çox narahat edib. Kremldə düşünürlər ki, bu genişmiqyaslı hərbi əməliyyatlara hazırlıqdır. O səbəbdəndir ki, Rusiya Ukrayna sərhədlərinə çoxlu sayda hərbi texnika və əsgər toplayıb. Əslində Rusiya bu addımı ilə Ukraynanı qorxutmaq istəyir ki, əyər Donbasda genişmiqyaslı hərbi əməliyyatlara başlasan açıq şəkildə prosesə müdaxilə edəcək. Bununla düşünürlər ki, Ukrayna Rusiya ilə birbaşa üz-üzə gəlməkdən çəkinər. Amma Rusiya eyni zamanda bu gedişatdan çox qorxur. Ukrayna qorxmayıb ərazi bütövlüyünü bərpa etməyə başlasa, Rusiya bu hərəkətinin blef olduğunu göstərib hadisələrə ən yaxşı halda indiyə qədər olan kimi münasibət göstərəcək. Hansı ki, bu halda böyük ehtimalla Ukrayna özünün ərazi bütövlüyünü təmin edəcək. Ya da açıq şəkildə Ukrayna ərazisinə daxil olub müharibəyə başlamalıdır ki, bu da Rusiya üçün özünəqəsd deməkdir. Gedib Kiyevi işğal etməyəcək ki? Buna imkan da verilməz. Ən uzağı Donbasın bir hissəsini müvəqqəti itirsə də, Ukrayna Rusiyadan birdəfəlik qopacaq və münasibətlərin sonradan bərpası mümkünsüz olacaq. Ukraynanın birdəfəlik itirilməsi isə Rusiyanın dövlət olaraq qısa müddətdən sonra parçalanması deməkdir. Əgər bu gün Ukrayna parlamentində, siyasi spektorunda Rusiya meylli qüvvələr mövcuddursa, bu müdaxilədən sonra onların da siyasi iflası olacaq. Əslində bu ssenari Qərbi qane edir. Odur ki, hesab edirəm ki, hadisələrin bundan sonrakı inkişafı hazırda Ukrayna hakimiyyətinin bu məsələlərdə nə qədər qərarlı olub-olmamasından asılı olacaq. Rusiya isə sözün əsl mənasında daha pis vəziyyətdədir. Ukraynanın dirəniş göstərəcəyi halda hansı vəziyyətə düşəcəyindən narahatdır".


“Yeni Müsavat”

Diaspora