Tənqid ediləsi əməlləri olsa da heç vaxt işğal olunmuş rayonların icra başçılarını tənqid etmək istəməmişəm. Edəndə də içimdən gəlməyib. Xüsusən Ağdamla Füzuli rayonunu istəməmişəm tənqid edim. Düşünmüşəm ki, yarımcan rayonlardı – Ağdamın 41, Füzulinin 23 kəndi bizdə olub axı...
Ağdamın müstəqillik dövründəki bütün icra başçılarını şəxsən tanımışam. Nadir İsmayılovdan ta sonuncu başçımız Vaqif Həsənova qədər. Dəfələrlə ayaqüstü görüşsək də heç vaxt üz-üzə oturub söhbətləşməmişdik Vaqif Həsənovla. Qismət Zəfər günü bayramının ildönümü gününəymiş. “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev deyəndə ki, Vaqif müəllim bizi Ağdama dəvət edib, gedək, dərhal razılaşdım...Və yolçu yolda gərək, deyib atalar!
Asəflə Ağdama noyabrın 7-də gedəsi olduq. Çünki Şəhid anası Mayaya söz vermişdik ki, oğlu Xalidin şəhid olduğu günü - 7 noyabrda mütləq Ağdama gələcəyik. Ağdam Şəhidlər xiyabanını ziyarət edəndən sonra Şəhidlər Hassan Xalid Mahmud oğlunun, Xuduyev Tural Rafayel oğlunun, Dadaşov Orxan Vaqif oğlunun il mərasimlərinə qatıldıq. Eyni zamanda, Qərvənd kəndində ermənilərin atəşi altında olduğundan baxımsız vəziyyətə düşmüş şəhid məzarları 27 ildən sonra bərpa olunaraq ziyarət olundu. Görüşlərdə Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov və rayonun dövlət strukturlarının rəhbərləri ilə birgə iştirak etdik. Bizdən başqa Vaqif müəllimin dəvəti ilə əslən Ağdamdan olan iş adamları Ədalət Qasımov, Rafiq Qarayev, Mahir İbrahimov, Sənan Məmmədov, Qazi Valeh Musayev də Zəfər bayramı münasibəti ilə keçirilən tədbirə qoşulmuşdular.
Sonra Heydər Əliyev adına mərkəzdə V. Həsənovun rəhbərliyi ilə görüş keçirildi.
Görüşdə Ağdam rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov ətraflı çıxış etdi. O, bünövrəsi rəhmətlik ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövlətinin İlham Əliyev tərəfindən daha da gücləndiyini vurğuladı. Başçı bildirdi ki, İlham Əliyevin uzaqgörən, düşünülmüş, uğurlu daxili və xarici siyasəti Azərbaycanın bir gün Qarabağı azad edəcəyinə hamımızda inamı artırmışdı. O, 44 günlük Vətən Müharibəsində Ağdam camaatının ayaqda olduğunu, qələbə üçün əlindən gələni etdiyini söylədi:
“44 günlük Vətən Müharibəsində Ağdam mərmi, raket yağışı altında döyüşdü. Vətən uğrunda ağdamlı oğullar da şəhid və qazi oldu. Mən özüm dövlət orqanlarının rəhbərləri ilə birgə rayondaydıq. Ağdamda bütün dövlət orqanlarının rəhbərləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən Müharibəsində yaratdığı birlik, həmrəylik formulası əsasında çalışırdılar. Elə bu günlərdə də bizimlə şəhidlərin il mərasimlərində iştirak edən rayon polis idarəsinin, dövlət təhlükəsizlik xidmətinin, prokurorluğun, səfərbərlik xidmətinin və digər dövlət orqanlarının Ağdamdakı rəhbərləri ilə bu prinsiplə çalışırıq. Bütün xalqımız o ağır günlərdə ayaqdaydı. Həmin günlərdə ağdamlı iş adamları əllərindən gələn maddi dəstəyi verirdi. Biz onları unutmamışıq. Bu Zəfər günündə onların bir qrupunu Ağdama dəvət edib təşəkkürümüzü bildirmək və Fəxri Fərmanla təltif etmək istədik”.
Sonra Ağdam rayonu icra başçısının imzaladığı fəxri fərmanlar qonaqlara təqdim olundu.
“Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev çıxış edərək onlara verdiyi dəyərə görə V. Həsənova minnətdarlığını bildirdi. O, qeyd etdi ki, Ağdamın icra başçısı həmişə şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərib.
“Bizim Ağdamda görülən işlərdən yaxşı məlumatımız var. Hələ müharibədən əvvəl də cənab Prezidentimizin tapşırıq və tövsiyələrinə uyğun olaraq xeyli işlər görülüb. Biz, “Qarabağ qaziləri” birliyi həmişə Ali Baş Komandanın yanında olmuşuq. Bundan sonra da olacağıq”, deyə - A. Əliyev bildirib.
“Qarabağ qaziləri” İctimai Birliyinin Ağdam filialının sədri Şamil Əbilov qeyd etdi ki, istər 44 günlük müharibə zamanı, istərsə də indi Vaqif Həsənov xalqın arasında oldu: “O qanlı-qadalı günlərdə Vaqif müəllim başda olmaqla bütün rayon rəhbərləri xalqın arasında idi. Hamımız bir nəfər ki, qələbəmiz üçün əlimizdən gələni edirdik. Həmin ərəfədə “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev və digər Qazi qardaşlarımız Müdafiə Nazirliyinin xətti ilə cəbhə bölgəsində xidmətdə idilər. Onların və ağdamlı iş adamlarının xətti ilə Ağdama xeyli yardım gətirildi. Biz həmin yardımları rayon rəhbərliyi ilə birgə lazımı yerlərə göndərirdik. Şükür Allaha ki, döyüşlər qələbə ilə başa çatdı. Bu qələbənin memarı Ali Baş Komandanımız cənab İlham Əliyevdir. Onun rəhbərliyi altında qəhrəman ordumuz Qarabağı azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin! O günlərdə şəhidlərimiz layiq olduqları hörmət və izzətlə dəfn edildi. Şəhidlərimizin ildönümlərində isə cənab başçımız Vaqif müəllimlə birlikdə iştirak edirik. Bizə diqqət ayırdığı, təltif etdiyi üçün Vaqif müəllimə minnətdarlığımızı bildiririk.”
Ədalət Qasımov, Rafiq Qarayev, Mahir İbrahimov, Sənan Məmmədov onlara göstərdiyi diqqət və xoş qəbul üçün təmsil etdiyi şirkətlər rəhbərliyi adından V. Həsənova minnətdarlıqlarını bildirdi.
Qeyd edək ki, ağdamlı iş adamı Elbrus Hüseynov və “Qarabağ qaziləri” İctimai Birliyinin təsisçisi Rizvan Vəliyev də Fəxri Fərmanla təltif edilib.
Əslində Ağdam rayon icra hakimiyyətinin başçısı V. Həsənovun rayonda gördüyü işlər müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Zəfər modelinin Ağdam nümunəsidir. Əlbəttə rayonun digər dövlət strukturlarının rəhbərləri, ağdamlılarla birgə.
Uğurlar olsun! Bütöv Ağdamda görüşmək ümidi ilə...
Rey Kərimoğlu
Bakı-Ağdam-Bakı









