Kürdəmirdə Aprel döyüşləri şəhidinin büstünün açılışı olub

Kürdəmirdə Aprel döyüşləri şəhidinin büstünün açılışı olub backend

Kürdəmirdə 2 aprel 2016-cı ildə Ermənistanın ölkəmizə qarşı silahlı təxribatının qarşısının alınması zamanı şəhid olmuş Mi-24 hərbi helikopterinin ekipaj üzvü, ölümündən sonra Prezident İlham Əliyevin sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən baş leytenant İsmayılov Əbu Bəkir Vüqar oğlunun xatirəsinə inşa edilən büstün açılışı olub.

“Report”un yerli bürosu xəbər verir ki, mərasim Əbu Bəkrin doğulub boya-başa çatdığı evin qarşısında baş tutub. Büstün açılışında şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, hərbçilər və sinif yoldaşları iştirak ediblər. Mərasimdə əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, sonra şəhidin ruhu bir dəqiqəlik sukutla yad olunub.

Çıxış edənlər Əbu Bəkr İsmayılovun qısa, lakin şərəfli həyat yolundan bəhs edib, işğalçı düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsini məhv edərək qəhrəmancasına şəhid olmasından söhbət açıblar.

Digər natiqlər Aprel döyüşlərində bir sıra strateji əhəmiyyətli yerlərin işğaldan azad olunmasında Əbu Bəkrin xüsusi şücaəti olmasını fəxr və qürur hissi ilə bildirərək, şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb, şəhidlərimizin xatirəsinin həm dövlət, həm də xalq tərəfindən daim əziz tutulduğunu qeyd ediblər.

Sonra şəhidin adını daşıyan büstün açılışı olub. Məktəblilər şəhid baş leytenanta həsr olunan şeirlərdən ibarət kompozisiyanı tədbir iştirakçılarına təqdim ediblər.

Tədbirin sonunda şəhidin anası Rəna İsmayılova çıxış edərək oğlu haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb və açılış tədbirində iştirak edənlərə öz minnətdarlığını bildirib.

Qeyd edək ki,İsmayılov Əbu Bəkr Vüqar oğlu 1990-cı il fevralın 10-da Kürdəmir şəhərində anadan olub. O, 2 aprel 2016-cı ildə Ermənistanın ölkəmizə qarşı silahlı təxribatının qarşısının alınması zamanı Mi-24 hərbi helikopterinin ekipajı düşmənin xeyli sayda hərbi texnikası və canlı qüvvəsini məhv edib və sonda qəhrəmancasına şəhid olub. Qəhrəman təyyarəçilər – o cümlədən Əbu Bəkr İsmayılov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Azərbaycan Bayrağı” Ordeni ilə təltif edilib.

Əbu Bəkr İsmayılov Bakı şəhərində II Fəxri Xiyabanda dəfn olunub.

loading...
Diaspora