Ötən yeddi ayda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 4385 işaxtaran öz peşə və ixtisaslarına uyğun münasib işlə təmin olunub.
Muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətindən AZƏRTAC-a bildirilib ki, rübdə bir dəfə Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayon mərkəzlərində əmək yarmarkaları keçirilir. Bəhs olunan dövrdə də qrafik üzrə yarmarkaların keçirilməsi diqqətdə saxlanılıb, bu yarmarkalarda 1275 işaxtaran münasib işlə təmin edilib.
Son illər muxtar respublikanın müxtəlif nazirliklərində də əmək yarmarkalarının keçirilməsinə başlanılıb. Adıçəkilən müddətdə təhsil sahəsi üzrə keçirilən əmək yarmarkasında 93, səhiyyə sahəsi üzrə keçirilən əmək yarmarkasında isə 11 nəfər öz peşə və ixtisaslarına uyğun münasib işlə təmin olunublar.
Qeyri-məşğul əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə haqqıödənilən ictimai işlərin təşkilinə də ciddi önəm verilib. Bu dövrdə 480 nəfər haqqıödənilən ictimai işlərə cəlb edilib.
Milli xalq tətbiqi sənətinin təbliği məqsədilə evlərdə xalça toxunması ənənəsini davam etdirmək üçün “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” devizi altında sosial qayğıya ehtiyacı olanların haqqıödənilən ictimai işlərə cəlb edilməsi məqsədi ilə 23 şəxslə müqavilə bağlanılıb. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Sağlamlıq imkanları məhdud qadınlar da diqqətdə saxlanılıb, 24 nəfər sağlamlıq imkanları məhdud qadının yun corabların toxunması işini həyata keçirməsi təmin olunub.
Tətil günlərində işləmək istəyən gənclərin mövsümi və haqqıödənilən ictimai işlərə göndərilməsi məqsədilə müxtəlif ali məktəblərin 35 tələbəsi mövsümi işlərə göndərilib.
Əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılması, onun rəqabət gücünün artırılması və iqtisadi fəallığının yüksəldilməsi, milli xalq tətbiqi sənətinin yaşadılması məqsədilə əmək bazarında peşələrə olan tələbat müəyyənləşdirilərək həmin tələbata uyğun müasir peşə kurslarının açılması təmin edilir. Dövlət Məşğulluq Xidməti bu müddət ərzində rübdə bir dəfə olmaqla müəssisələrdə sorğu keçirib və Naxçıvan Regional Peşə Tədris Mərkəzində əmək bazarının tələbləri nəzərə alınaraq müxtəlif peşələr üzrə hazırlıq kursları təşkil edilib. Bu kurslara 662 nəfər cəlb olunub.
Sosial müdafiəyə xüsusi ehtiyacı olanların, sağlamlıq imkanları məhdud və cəzaçəkmə müəssisələrindən azad edilən şəxslərin sosial reabilitasiyası məqsədilə cari ilin avqust ayınadək sağlamlıq imkanları məhdud 124 nəfər peşə kurslarına cəlb edilib. Əlavə olaraq, Penitensiar Xidmətin Cəzaçəkmə müəssisəsində kompyuter, misgərlik və ağac üzərində oyma sənətləri üzrə kurslar təşkil olunub. Kvota yerlərində sosial müdafiəyə xüsusi ehtiyacı olan 152 nəfərin işlə təmin olunmasına kömək göstərilib.