Eldar Həsənovun məhkəmədə heyrətləndirən çıxışları

 Eldar Həsənovun məhkəmədə heyrətləndirən çıxışları backend

Eldar müəllimin məhkəmədə söylədiyi ilk fikir təxminən belə idi: “Möhtərəm məhkəmə kollegiyası, mən bu binaya müxtəlif statuslarda yüz dəfə gəlib-getmişəm. İlk dəfədir bu binaya təqsirləndirilən şəxs qismində daxil oluram və bu mənə çox ağırdır”.

Həqiqətən onun kimi bir insanın, hüquq elmləri doktoru, professorun, ziyalının, dövlət xadiminin vəkili olmaq da ağırdır!

Eldar müəllim Bakı Ağır Cinayətlər Məhkəməsində 3 aydır davam edən, çox vaxt səhər başlayıb axşam bitən məhkəmə proseslərinin hər birinə iclas başlamamışdan əvvəl həkim müayinəsi və müşayiəti ilə, təcili yardım xidmətinin əməkdaşları ilə gəlir, iclas bitəndən sonra çətinliklə çıxıb gedir.

Səhhəti o qədər ağırdır ki, bəzən ona bir gündə üç-dörd dəfə tibbi yardım göstərilir. Belə qeyri-humanist, bənzəri olmayan bir məhkəmə prosesinə müstəqil Azərbaycanın məhkəmə tarixində rast gəlinməyib.

Buna baxmayaraq zalda oturanları, proses iştirakçılarını, o cümlədən məni Eldar Həsənovun ciddi ağrılar altında nümayiş etdirdiyi dəmir iradə təəccübləndirir, heyrətləndirir. Heyrət doğuran həm də onun fenomenal yaddaşıdır.

Barəsində aparılan cinayət işinin hər bir cildini, hər bir epizodunu, az qala hər səhifəsini o qədər peşəkar, hüquqşünas dəqiqliyi ilə oxuyub, diqqətlə öyrənib ki, verilmiş ittihamın hər bir epizodunu öz arqumentləri ilə, sübutlarla, şahid ifadələri ilə, verdiyi hüquqi şərhlərlə heçə endirir.

Hamını heyrətləndirən başqa bir nüans isə onun sonsuz təmkinlə, ləyaqətlə və mədəni davranmasıdır. Müzakirə olunan məsələnin mahiyyətinə uyğun olaraq bəzən çoxlarının bilmədiyi atalar sözlərini, dahi klassiklərimizdən, Bəxtiyar Vahabzadə, Məmməd Araz, Musa Yaqub, Ramiz Rövşən, Bəhmən Vətənoğlu yaradıcılığından iki sətri elə seçib söyləyir ki, hər hansı şərhə ehtiyac qalmır, hər kəsi o iki sətirlə düşünməyə vadar edir.

Geridə qalan üç aydakı məhkəmə prosesləri dönə-dönə göstərdi və təsdiq etdi ki, vəkilləri savadlı, peşəkar, ölkəmizdə tanınmış vəkillər olsa da, əslində Eldar Həsənovun vəkilə ehtiyacı yoxdur!

Qanunsuzluğa, haqsızlığa məruz qalması bir yana, amansızcasına mühakimə olunmasına baxmayaraq peşəkar hüquqşünas kimi əhatəli və dərin savada malik olduğundan Eldar Həsənov təqsirsizliyini özü də sübuta yetirə bilir.

Hətta istintaqın qeyri-peşəkarlığı nəticəsində cinayət işinə yüksək səlahiyyətli şəxslərin adları, onların imzaladığı sənədlər, səfirliyə və Xarici İşlər Nazirliyinə verdikləri təlimatlar daxil edilsə də, Eldar Həsənov bir dəfə də olsun təmkinini pozmayıb. Bu günə qədər nə çalışdığı dörd ölkədən, nə də Azərbaycandan bir şəxsin adını çəkib.

Eldar Həsənov imzalanmış qərarların, verilmiş göstərişlərin qanuni və əsaslı olmasını da sənəd və sübutlarla birmənalı sübut etdi. Bəlkə də başqası olsa deyərdi ki, hər kəs imzaladığı sənədə, verdiyi göstərişə özü cavabdehdir, gəlsin məhkəmədə cavab versin, gedin özlərindən soruşun… Amma dövlət və dövlətçiliyi, onun imicini düşünən əsl azərbaycanlı Eldar Həsənov ağlında və cəsarətində olmalıdır.

Yeri gəlmişkən, düşünürəm ki, “Eldar Həsənov görək nə deyəcək?” düşüncəsində olan, diqqətlərini yönəldib səbirsizliklə gözləyənlər də var idi, amma yanıldılar.

Son illərdə heç məsuliyyətə cəlb edilməyən nazirlərin, vəzifəli şəxslərin qorxusundan özlərini xilas etmək üçün səsləndirdikləri gülünc fikirlərin, bəyanatların çox şahidi olmuşuq, nələr eşitmişik. Amma Eldar Həsənov öz davranışı ilə bu səviyyənin adamı olmadığını da sübuta yetirdi.

Mənə görə Eldar Həsənov təqsirsizdir! Artıq bundan sonra məhkəmənin verəcəyi hər hansı hökm, cəza artıq bir təfərrüatdır.

Vəkil Valeh Mehrəliyev

Yazı müəllifin “Facebook” səhifəsindən götürülüb

Diaspora