Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində Gədəbəy şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması sürətlə davam etdirilir.
Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev AZƏRTAC-a bildirib ki, layihəyə əsasən, Gədəbəy şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün su mənbəyi Südlübulaq seçilib. Bulaq sularının toplanması məqsədilə hazırda su mənbəyində suqəbuledici qurğu və Gədəbəy şəhərinə 15 kilometr uzunluğunda magistral su xətinin çəkilişi aparılır. Bundan başqa, şəhərin relyefi nəzərə alınaraq ümumi tutumu 5500 kubmetr olan 7 su anbarı da tikilir. İstehlakçıların mərkəzləşdirilmiş qaydada içməli su təchizatını yaxşılaşdırmaq məqsədilə 73 kilometr paylayıcı su şəbəkəsi yaradılır. Layihə şəhər mərkəzi ilə yanaşı, rayonun 5 kəndini də əhatə edəcək.
Qüdrət Paşayev onu da diqqətə çatdırıb ki, layihəyə uyğun olaraq Gədəbəy şəhərində 68 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi yaradılır. Çirkab sularının təmizlənməsi məqsədilə 700 metr uzunluğunda kollektorun inşası da nəzərdə tutulub.