Tofiq Yaqubluya qadağa qərarı dəyişmədi

Tofiq Yaqubluya qadağa qərarı dəyişmədi backend

Noyabrın 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçi Tofiq Yaqublunun Suraxanı Rayon Məhkəməsinin 30 iyul 2021-ci il qərarından şikayətinə baxıb.

Tofiq Yaqublu Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür. 2021-ci il iyulun 11-i Gürcüstanda onun anası vəfat edib. O zaman Bakıda ev dustağı olan Tofiq Yaqublunun dəfnə buraxılmaq üçün dövlət orqanlarına müraciəti nəticəsiz qalıb. Bundan sonra Suraxanı Rayon Məhkəməsinə üz tutan siyasətçi ölkədən çıxışına icazə verilməsini istəyib. Müraciət təmin edilməyib. Qərar iyulun 30-da qəbul olunub.

Noyabrın 15-də Novator.az-a danışan Tofiq Yaqublu deyib ki, Bakı Apellyasiya Məhkəməsi Suraxanı Rayon Məhkəməsinin 30 iyul qərarını qüvvədə saxlayıb və onun ölkədən çıxışına, Gürcüstana gedib anasının məzarını ziyarət etməsinə icazə verilməyib.

Bakının Suraxanı rayonunda yaşayan Tofiq Yaqublu azadlıqdan şərti məhrumetmə cəzası çəkir. Suraxanı Rayon Məhkəməsi 30 iyul qərarını cəzaların icrasına məsul olan Ədliyyə Nazirliyinin Tofiq Yaqublunun ölkədən çıxışına razılıq verməməyi ilə əsaslandırıb.

1961-ci ildə Gürcüstanda, Bolnisi rayonunun İncəoğlu kəndində doğulan Tofiq Yaqublu milli azadlıq hərəkatının (1988-1991) fəalı, Birinci Qarabağ müharibəsinin veteranıdır. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.

1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

2013-cü il fevralın 4-dən 2016-cı il martın 17-dək həbsdə olub.

2020-ci il martın 22-də Tofiq Yaqublu yenidən tutulub, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin hökmü ilə 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzası alıb.

Tofiq Yaqublu Nizami Rayon Məhkəməsindəki proses bitməzdən bir gün əvvəl – sentyabrın 2-də Bakının Şüvəlan qəsəbəsindəki 3 saylı İstintaq Təcridxanasında bəraət və azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb, vəziyyəti ağırlaşdığı üçün sentyabrın 12-də mülki xəstəxanaya köçürülüb.

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi Tofiq Yaqublu haqqında həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Siyasətçi həmin gün aclıq aksiyasını dayandırıb və evə buraxılıb.

2021-ci il iyulun 15-də Bakı Apellyasiya Məhkəməsi siyasətçiyə kəsilən 4 il 3 aylıq azadlıqdan məhrumetmə cəzasının yerdə qalan hissəsini şərti cəza ilə əvəzləyib, 2 il 6 aylıq sınaq müddəti qoyub.

Tofiq Yaqublu bəraət istəyi ilə Ali Məhkəməyə şikayət edib.

loading...
Diaspora