Xarkov şəhərində Zəfər Günü qeyd edilib

Xarkov şəhərində Zəfər Günü qeyd edilib backend

Ukraynanın Xarkov şəhərində Azərbaycan xalqının Vətən müharibəsində əldə etdiyi parlaq qələbənin birinci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

“Dostluq” Azərbaycan mədəniyyət-təhsil mərkəzində baş tutan tədbirdə  diasporumuzun nümayəndələri və türkiyəli qonaqlar iştirak ediblər. Mərkəzin müdavimlərinin ifasında Azərbaycan və Ukraynanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edən “Dostluq” Azərbaycan-Ukrayna Cəmiyyəti idarə heyətinin sədri Murad Ömərov və başqaları xalqımızı, dünya azərbaycanlılarını və türk dünyasını möhtəşəm bayram münasibətilə təbrik ediblər. Onlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin torpaqlarımızı işğaldan qurtarmasını, ərazi bütövlüyümüzü bərpa etməsini tarixi və qürurverici hadisə adlandırıblar.

 

Tədbir mərkəzin müdavimlərinin Vətən müharibəsi şəhidləri haqqında məlumat verməsi və qəhrəmanlarımızın hünərini əks etdirən videoçarxların nümayiş etdirilməsi ilə davam edib. Sonra şəhidlərin Azərbaycanda yaşayan valideynləri ilə videobağlantı yaradılıb. Qəhrəman şəhidlərimizin xatirəsinə Xarkovda böyük ehtiramla yanaşıldığına şahid olan valideynlər mərkəzin rəhbərliyinə və yetirmələrinə minnətdarlıqlarını bildiriblər.

 

Tədbirin bədii hissəsində mərkəz müdavimlərinin ifasında parlaq qələbəmizə həsr olunmuş şeirlər səsləndirilib, “Xarı bülbül” tamaşasından səhnə və rəqslər təqdim olunub.

 

Tədbir ağ göyərçinlərin və Azərbaycan bayrağının rənglərində olan şarların səmaya buraxılması ilə yekunlaşıb.

loading...
Diaspora