Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində geniş tikinti-quruculuq, yaşıllaşdırma işləri həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, Horadiz şəhərində, kənd və qəsəbələrdə həyata keçirilən abadlıq-quruculuq və təmizlik işləri rayonun ümumi görkəmini büsbütün dəyişib. Əkilən ağaclar, salınan park və xiyabanlar nəticəsində rayona gələn insanlar erməni işğalının qalıqları ilə qarşılaşmır, müasirliyin, gözəlliyin, təmizliyin və səliqə-səhmanın şahidi olurlar.
“IDEA” İctimai Birliyinin təşəbbüsü ilə ötən ilin noyabr ayından başlanan “Ümumrespublika yaşıllaşdırma” marafonu cəbhə bölgəsində yerləşən Füzuli rayonunda da uğurla həyata keçirilir. Marafon çərçivəsində keçirilən aksiyalar zamanı rayonun florasının daha da zənginləşdirilməsi və gözəlləşdirilməsi məqsədilə ümumilikdə 6200-ə yaxın çinar və həmişəyaşıl ağac, dekorativ kol əkilib.
Son dörd il ərzində isə rayon ərazisində 100 minə yaxın müxtəlif növ ağac və dekorativ kol, o cümlədən 20 mindən çox çinar, Türkiyə və İtaliyadan gətirilmiş 3500 leylandra, 10 min Eldar şamı əkilib. Ağac əkilən ərazilərdə təmizlik, abadlıq işləri də aparılıb.