"Məcburi köçkün probleminin yeganə dayanıqlı həlli onların qayıdış hüququnun təminatı ilə bağlıdır"

"Məcburi köçkün probleminin yeganə dayanıqlı həlli onların qayıdış hüququnun təminatı ilə bağlıdır" backend

ADA Universiteti və Xarici İşlər Nazirliyi tərəfindən birgə təşkil olunan “Qabaqcıl Xarici Xidmət ixtisasartırma Proqramı” çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov “İkinci Qarabağ Müharibəsi” adlı sessiyada iştirak edən Azərbaycanlı orta və yüksək rütbəli diplomatlar, həmçinin digər qurumların dövlət qulluqçuları üçün “Uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə deyib.

Qazilər.az bildirir ki, bu barədə məlumat Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən daxil olan məlumatda bildirilir. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti barədə geniş məlumat verilib. Bildirilib ki, bu kateqoriyadan olan insanların problemlərinin həlli ölkə başçısının sosial siyasətinin prioritetlərindəndir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva doğma yurdundan didərgin düşmüş insanlara böyük qayğı və diqqət göstərir. Bildirilib ki, 2020-ci ilin sentyabr ayında Ermənistanın növbəti təxribatına cavab olaraq Azərbaycan ordusu əks-hücum əməliyyatına başlayaraq 44-günlük Vətən Müharibəsində qazanılan qələbə nəticəsində təxminən 30 ildir davam edən bu münaqişənin həlli istiqamətində son nöqtəni qoyub. Bu qələbə nəinki ərazi bütövlüyümüz və suverenliyimizi bərpa edib, eyni zamanda yüz minlərlə həmvətənlimizin öz doğma yurduna qayıdışı üçün zəmin yaratmış olub. Azərbaycanda artıq Dağlıq Qarabağ adlı siyasi və coğrafi ad mövcud deyil - Prezident İlham Əliyevin imzaladığı Fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Azərbaycan dövləti qarşısında işğaldan azad olunmuş ərazilərin bərpasını, dayanıqlı inkişafını və məcburi köçkünlərin daimi yaşayış yerlərinə könüllü, təhlükəsiz və ləyaqətli qayıdışını və reinteqrasiyasını təmin etmək kimi şərəfli vəzifə durur. Böyük Qayıdış ölkəmizin iqtisadi inkişafına dair əsas strateji prioritetlərdən biri olaraq “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb.

Hazırda işğaldan azad edilmiş ərazilərdə təhlükəsizlik tədbirləri görüldüyü, nəhəng infrastruktur layihələrinin icra edildiyi bildirilib, “Ağıllı Kənd”, “Ağıllı Şəhər” layihələrinə üstünlük veriləcəyi haqqında məlumat verilib. Eyni zamanda nəzərə çatdırılıb ki, Ermənistan 30 ilə yaxın müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarının geniş miqyasını, hətta hərbi təyinatı olmayan torpaqları da minalayıb. İndiyədək Ermənistan minalanmış xəritələri tam olaraq təhvil verməkdən imtina etməklə, fundamental insan haqlarını, xüsusilə insanların yaşamaq hüququnu kobud şəkildə pozur. Fuad Hüseynov vurğulayıb ki, BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan Ermənistandan azad edilmiş ərazilərin minalardan surətli, təhlükəsiz və effektiv təmizlənməsinə imkan verəcək zəruri tədbirləri görməyi tələb edib. Məhkəmə Ermənistandan Azərbaycan ərazilərini minalamaqla və ya minalanmasına kömək etməklə azərbaycanlıların həyatının təhlükəyə atılmasını dərhal dayandırmağı tələb etməlidir.

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

loading...
Diaspora