Fərdi Reabilitasiya və Abilitasiya Proqramı İctimai şura üzvlərinə təqdim edildi

Fərdi Reabilitasiya və Abilitasiya Proqramı İctimai şura üzvlərinə təqdim edildi backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şura üzvləri ilə növbəti görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sosial sahədə geniş miqyaslı islahatların aparıldığını bildirib. Bu islahatların əlillik və reabilitasiya sahələrini də əhatə etdiyini deyən nazir müavini bu sahədə yeniliklərdən biri kimi, əlilliyi olan şəxslər üçün Fərdi Reabilitasiya və Abilitasiya Proqramının da hazırlandığını diqqətə çatdırıb.

Nazir müavini bildirib ki, əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri ilə yanaşı, onların tibbi, peşə-əmək, psixoloji-pedoqoji reabilitasiyası, abilitasiyası  sahəsində də işlər aparılıb. Hər bir əlilliyi olan şəxslə bağlı tərtib olunacaq Fərdi Reabilitasiya və Abilitasiya Proqramı bütün bu tədbirləri sistemli şəkildə özündə əhatə edir.

Qeyd edilib ki, Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi Qaydası və əlilliyi olan şəxslərin abilitasiyası Qaydası ötən ilin dekabr ayında Nazirlər Kabinetinin Qərarları ilə təsdiq edilib. Sözügedən Proqram da bu qaydalara uyğun hazırlanıb. Proqram əsasında əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedoqoji reabilitasiyası və sosial bacarıqların inkişafı, mövcud potensialını maksimum inkişaf etdirməklə, sərbəst yaşamaq imkanlarının artırılması ilə əlaqədar kompleks tədbirlər müəyyən olunacaq. Hazırda bu proqramın tətbiqi ilə bağlı eyni adlı altsistemin hazırlanması işləri də aparılır.

Nazirliyin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev Fərdi Reabilitasiya və Abilitasiya Proqramına dair təqdimat edib. İctimai şura üzvləri Fərdi Reabilitasiya və Abilitasiya Proqramı ilə bağlı öz fikirlərini bölüşüblər.

Görüşdə İctimai şura üzvlərinin qaldırdığı məsələlər barədə müzakirələr də olub.

loading...
Diaspora