Azərbaycan Maliyyə Nazirliyi yerli və xarici qeyri-hökumət təşkilatlarının (QHT) ölkədəki filial və nümayəndəliklərinə müraciət edib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər.Məlumata əsasən, “Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib. Bu hesabatların sadələşdirilməsinə dair qeyri-hökumət təşkilatlarının müraciətləri nəzərə alınmaqla, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında” Nazirlər Kabinetinin 27 yanvar 2015-ci il tarixli 16 nömrəli qərarı qəbul edilib. Həmin qərara əsasən qeyri-hökumət təşkilatlarının maliyyə hesabatlarının sayı azaldılıb və onlar aşağıdakılardan ibarət olmaqla müəyyən edilib:
1. Maliyyə vəziyyəti haqqında;
2. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat;
3. Əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.
Eyni zamanda, həmin formalar son dövr ərzində qanunvericilik aktlarında aparılan dəyişikliklər, habelə maliyyə hesabatlarının təqdim edilməsi üzrə əldə olunmuş təcrübə nəzərə alınmaqla təkmilləşdirilib və Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarının ümumi prinsiplərinə uyğun olaraq daha da sadələşdirilib.
“Bu səbəbdən maliyyə hesabatlarının tərtib edilməsi zamanı qeyri-hökumət təşkilatları üçün əhəmiyyət kəsb edən bəzi anlayışlar qərara daxil edilib.
Bundan başqa, QHT maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib və təşkilatın maliyyə fəaliyyəti olmadığı təqdirdə yalnız həmin formanı dolduraraq Maliyyə Nazirliyinə təqdim etməlidir.
Qeyd edək ki, maliyyə hesabatlarının formalarını və maliyyə fəaliyyətinin olmaması barədə arayışı nazirliyin saytından yükləmək mümkündür.