"Şəhid ailələri və qazilərə yardım təkcə dövlətin deyil, hər birimizin borcudur" - VİDEO

"Şəhid ailələri və qazilərə yardım təkcə dövlətin deyil, hər birimizin borcudur" -  VİDEO backend

Şəhid ailələri və qazilərə dəstək kampaniyası davam edir. Rusiya Federasiyasının Udmurtiya Muxtar Respublikasında fəaliyyət göstərən Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin təşkilatçılığı ilə növbəti ianə Ağcabədi Rayonundan olan şəhid Taryel Atayevin ailəsinə edilib. Bu təşəbbüsün həyata keçirilməsi üçün Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) dəstək göstərib.

 

Qeyd edək ki, əsgər Tariyel Atayev 1986-cı il sentyabrın 5-də Ağcabədinin Minəxorlu kəndində anadan olub. Vətən Müharibəsində Füzuli, Ağdərə, Xocavənd, Şuşa istiqamətində gedən döyüşlərdə fərqlənib. İgid döyüşçü Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

“44 günlük Vətən müharibəsinin birinci ildönümü ərəfəsində hər birimiz öz borcumuzu ən xırda ianələrlə belə yerinə yetirməliyik. Şəhid Tariyel Atayevin ailəsinin ehtiyacı olduğu isti ocağın tikilməsi və şəhid ailəsinin istifadəsinə verilməsi üçün BAMF olaraq əlimizdən gələni edirik. Onun həyat yoldaşı, Ağcabədi rayonunun Minəxorlu kənd sakini Atayeva İlhamə Şakir qızı və iki azyaşlı övladı üçün tam təmirli üç otaqlı fərdi yaşayış evinin tikilməsi işləri davam edir” – deyə, BAMF prezidenti bildirib.

 

Umud Mirzəyev qeyd edib ki, Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin nümayəndələrinin Azərbaycana ötən səfəri zamanı Ağcabədi rayonunun Nəcəfqulubəyli, Minəxorlu, Hacıbədəlli kəndlərində və Ağcabədi şəhərində 10-a yaxın şəhid ailəsi ilə görüş keçirilib, hər bir ailənin ehtiyacları və mənzil şəraiti öyrənilib.

loading...
Diaspora