Vətən müharibəsinin ağ xalatlı qəhrəmanları - FOTO/VİDEO

Vətən müharibəsinin ağ xalatlı qəhrəmanları -  FOTO/VİDEO backend

Vətən müharibəsində qazandığımız qələbəni hərbçilərimiz qədər, həm də arxa cəbhədə çalışan digər peşə sahiblərinə borcluyuq. Onların arasında həkimlərin rolu isə xüsusidir. Cəbhə xəttində çalışan feldşerindən hospitalda cərrahiyyə əməliyyatı edən həkiminə qədər hər biri öz fədakarlığı, peşəkarlığı ilə neçə-neçə hərbçimizin həyatda qalmasına səbəb oldular.

Belə həkimlərin böyük bir qismi Naftalan şəhər Mərkəzi Xəstəxanasında toplaşmışdı. Ölkənin müxtəlif xəstəxanalarında çalışan həkimlər müharibə günlərində könüllü şəkildə orada xidmət edirdilər.

Vətən müharibəsindən bir il keçəndən sonra həmin həkimlər yenidən həmin xəstəxanaya yollanıb. Bu dəfə məqsədləri başqadır. Müharibə vaxtı çiyin-çiyinə çalışdıqları həmkarlarını görmək istəyən həkimlərin səfər marşrutu elə həmin xəstəxanadan başladı.

Daha sonra ağ xalatlılar Naftalan Şəhidlər Xiyabanına üz tutdular. Həm Birinci Qarabağ, həm də Vətən Müharibəsində canlarından keçən igidlərin məzarlarını ziyarət edən həkimlər onların ruhlarına dualar oxudular.

Bundan sonra qazi və şəhid ailələrinin iştirakı ilə tədbir keçirildi. Həmin tədbirdə çıxış edən həkimlər müharibə dövründə Naftalan əhalisinin qorxmazlığından, hərbçilərimizin göstərdiyi hünərdən söz açdılar. Tədbirin sonunda şəhid valideynlərinə və qazilərə “Dəmir yumruq” heykəlcikləri təqdim olundu.

loading...
Diaspora