“Rusiya olmasaydı, biz qələbəni hələ “Aprel döyüşləri”ndə qazana bilərdik”

“Rusiya olmasaydı, biz qələbəni hələ “Aprel döyüşləri”ndə qazana bilərdik” backend

Rusiya Qlobal Problemlər İnstitunun direktoru, politoloq Mixail Delyagin bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasından, nəqliyyat dəhlizinin açılmasından, delimitasiya və demarkasiya prosesinin başa çatmasından sonra Ermənistanın fərqli ölkəyə çevriləcək.

 

Onun fikrincə, Ermənistan hərbi-siyasi və iqtisadi sahibini dəyişərək, zamanla Rusiyanın deyil, Türkiyənin forpostuna çevriləcək.

 

Türkiyənin təhlükəsizlik və terrorla mübarizə üzrə eksperti İmbat Muğlu Modern.az-a rusiyalı politoloqun fikirlərini şərh edib. O bildirib ki, Rusiya tarix boyu həmişə Ermənistanı əlində fürsət olaraq görüb.

 

İmbat Muğlunun sözlərinə görə, Türkiyə Ermənistana həmişə qonşu ölkə kimi baxıb:

 

“Sülh müqaviləsinin imzalanması təkcə Türkiyə, Azərbaycan və Ermənistana yox, digər ölkələrə də müsbət təsir edəcək. Bu müqaviləsi eyni zamanda, regional sabitliyə, iqtisadi inkişafa və rifaha xidmət edəcək. Gələcək illəri düşünəndə belə  demək olar ki, sülhün bərqərar olması Rusiya, İran, hətta Avropa və Orta Şərq ölkələrinə müsbət təsir göstərəcək.

 

Rusiyanın Ermənistandakı təsiri zatən həddindən artıqdır. Rusiya tarix boyu Ermənistandan Türkiyəyə qarşı həmişə istifadə edib. Artıq Ermənistan öz göbəyini özü kəsməli və müasir müstəmləkəçilikdən çıxmalıdır. Ermənistan özünün yol xəritəsini çəkməlidir. Türkiyənin bölgədəki barış üçün atdığı bütün addımlar qonşu ölkələrə təsir edəcək. Türkiyə Ermənistanı polis bölməsi olaraq yox, həmişə qonşu ölkə kimi görüb və görəcək”.

 

Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, Rusiyada bəzi imperiyapərəst qüvvələr var ki, digər ölkələri imperiya qalıntısı kimi görür:

 

“Rusiyalı politoloqun dediyi fikirlər doğru deyil. Çünki Türkiyə imperalist dövlət deyil. Türkiyə Atatürkün “Yurdda sülh, cahanda sülh” prinsipi ilə hərəkət edən dövlətdir.

 

Rusiyada bəzi imperiyapərəst qüvvələr var ki, bəzi ölkələri imperiyanın qalıntısı kimi görürlər. İndiki vəziyyətdə Türkiyənin Ermənistanla bağlı hər hansı bir iddiası yoxdur. Türkiyə sadəcə istəyir ki, Ermənistan barışsın, dövlətə çevrilsin və normal qonşuluq münasibəti qursun. Cırtdan boyda Ermənistan Türkiyənin 387 min km2 ərazisinə iddia edir. Boyundan, başından qat-qat böyük iddialarla çıxış edir. Türkiyənin forpost yaratmaq niyyəti yoxdu, bölgədə barış yaratmaq istəyir”.

 

Ehtiyatda olan polkovnik, Şair Ramaldanov deyib ki, proseslər onu göstərir ki, Rusiyanın regionda təsiri tədricən azalacaq:

 

“Rusiyanın bəzi qüvvələri Türkiyənin Cənubi Qafqaz regionuna təsirinin müəyyən qədər artmasından narahatlıq keçirir. Proseslər onu göstərir ki, artıq Rusiyanın regionda təsiri azalacaq.

 

Azərbaycan kimi müasir tələblərə cavab verən dövlətin torpaqlarının 30 il işğal altında qalması məhz Rusiyanın vasitəçiliyi ilə olub.

 

Düşünürəm ki, Rusiya olmasaydı, biz qələbəni hələ “Aprel döyüşlərin”də qazana bilərdik”.

 

Ş.Ramaldanov deyib ki, sülh müqaviləsi Ermənistana həm Türkiyənin, həm də Azərbaycanın imkanlarından yararlanmağa yol açacaq:

 

“Digər tərəfdən, Ermənistanın özündə də Rusiyadan asılı olmasına baxmayaraq, inamsızlıq var. Bununla əlaqəli olaraq, Türkiyənin Ermənistanı forpost etməyə heç bir ehtiyacı yoxdur. Türkiyənin Azərbaycan kimi qardaş ölkəsi var. Ermənistan da heç vaxt etibarlı dövlət, xalq olmayıb.

 

Ona görə də düşünürəm ki, sülh müqaviləsi məhz Ermənistan üçün bir işıqlı yol olacaq. Sülh müqaviləsi Ermənistana həm Türkiyənin, həm də Azərbaycanın imkanlarından istifadə etməyə yol açacaq”. (moderator.az)

Diaspora