Abdullayev açıqlama yaydı: Elə deməmişəm - VİDEO

Abdullayev açıqlama yaydı:  Elə deməmişəm - VİDEO backend

"Biz tacir xalq yox, qəhrəman xalqıq. Nə qədər şəhid o müharibədə vermişik, 3 minə yaxın şəhid isə bu müharibədə vermişik. Amma bu axırıncı müharibədə bizim müstəqil ordumuz, pulumuz, iqtisadiyyatımız, prezidentimiz və onun iradəsi olub. Ona görə mən bunu dedim".

Kult.az xəbər verir ki, bunu xalq yazıçısı Çingiz Abdullayev Birinci Qarabağ müharibəsi haqqında çıxışı ilə bağlı ona qarşı səsləndirilən ittihamlara cavab verərkən deyib.

“Mən hələ bunu 1 il öncə demişdim və 1 ay bundan öncə də yazmışdım. O vaxt buna heç kəs fikir vermədi. Qəsdən bu videonu belə çəkiblər ki, birinci hissə orada olmasın. Orada nə qədər adam oturmuşdu. Onlardan soruşun, mən necə danışmışam. Amma neyləyək ki, bəziləri qulaq asmaq istəmirlər”, - Abdullayev bildirib.

Yazıçının sözlərinə görə, bir neçə gün öncə Sumqayıtda oxucularla görüşüb və orda müharibədən danışıb:

“Mən danışanda dedim ki, hələ bir il öncə rus kanallarında qonşularımızla (ermənilər) danışanda onlar mənə bizim tacir xalq, özlərinin isə əsgər xalq olduqlarını söylədilər, dedilər ki, ona görə də birinci müharibədə biz sizə qalib gəlmişik və nə qədər torpaqlarınızı almışıq. İndi bəziləri də qəsdən deyirlər ki, Çingiz şəhidlərə hörmətsizlik edir. Hamısı yalandır. Ona görə ki, şəhidlərin arasında mənim bir neçə qohumum, Şuşada həlak olan qardaşım var. Mən həmişə demişəm ki, biz neçə min şəhid vermişik. Allah onlara rəhmət eləsin. Onlar hamısı qəhrəmandırlar. Silahsız, tanksız, topsuz onlar mübarizə aparırdı. Təkcə Ağdamdan 6 min insan həlak olub. Niyə iki eyni müharibənin olması ilə ona görə razılaşmıram ki, 20-40 ildən sonra nəvələrimiz bizdən soruşacaq, “Xocalıya gələndə niyə ordumuz onu müdafiə etmədi”. Ona görə ki, ordumuz olmayıb. Qəhrəmanlarımız çox olub, neçə min insan itirmişik, 1 milyon qaçqınımız olub, torpaqlarımızın 20 faizini itirmişik”.

Qeyd edək ki, Ç.Abdullayevin Birinci Qarabağ müharibəsi ilə bağlı fikirləri qınaqla üzləşib. Xalq yazıçısı müharibənin əslində iki ordu arasında getdiyini bildirərək, bu baxımdan 90-cı illərdə müharibə olmadığını, ermənilərin rus nizami ordusundan istifadə edərək, Azərbaycan torpaqlarını işğal etdiyini demişdi.

loading...
Diaspora