Sumqayıt Şəhidlər xiyabanındakı heykəllə bağlı iddialar doğrudur? - AÇIQLAMA/FOTO

Sumqayıt Şəhidlər xiyabanındakı heykəllə bağlı iddialar doğrudur? -  AÇIQLAMA/FOTO backend

Sosial şəbəkələrdə Sumqayıt Şəhidlər xiyabanının girişində 44 günlük Vətən müharibəsi ilə əlaqədar qoyulan abidə müzakirə obyektinə çevrilib.

Belə ki, sosial şəbəkə istifadəçiləri arasında simvolik olaraq hərbi qulluqçunu xatırladan abidənin görünüşündə - hərbi geyim, silah və digər detalların Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin hərbi geyim və təchizatına aid olmadığına dair iddialar yayılır.

Məsələ ilə bağlı hərbi ekspert Ramil Məmmədli də “Facebook” hesabında fikirlərini paylaşıb: 

“Heykəlin üzərindəki silah ümumiyyətlə Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında yer almayıb. Azərbaycan Silahlı Qüvvələrinin heç bir hərbi qulluqçusu heykəlin üzərində təsvir edilən silahla döyüşməyib. Çünki Azərbaycan Ordusunun silahlanmasında M-16 avtomatı yoxdur. Yaxşı olar ki, bu gözəl iş keyfiyyətli görülsün və heykəl yenilənsin” .

Bəzi istifadəçilər isə əks fikirlər irəli sürüblər. Tərəflər arasında gedən müzakirələr zamanı irəli sürülən iddialardan hansının doğru olduğunu müəyyənləşdirmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev Oxu.Az-a açıqlamasında sosial şəbəkələrdə aparılan müzakirələrə cavab olaraq bildirib ki, qeyd olunan silah Azərbaycan Silahlı qüvvələrinin hərbçiləri tərəfindən istifadə edilir.

Qeyd edək ki, heykəllə bağlı yayılan ilkin görüntülərdə abidənin yanında bayraq təsviri olsa da, sonradan həmin simvol bilinməyən səbəblərdən götürülüb.

loading...
Diaspora