Vahid Əhmədov: “Bazarda qiymətlər günbəgün artır və qarşısını ala bilmirik”

Vahid Əhmədov:  “Bazarda qiymətlər günbəgün artır və qarşısını ala bilmirik” backend

Milli Məclisdə Dövlət rüsumu haqqında qanuna dəyişikliklərin müzakirəsi zamanı çıxış edən deputat Vahid Əhmədov qanun layihəsinin maliyyə tutumunun həcminin açıqlanmasını istədi. “Başa düşürəm, dövlət büdcəsilə bağlı müəyyən problemlər olanda belə dəyişikliklərə gedilir. Mən Maliyyə Nazirliyinin yerinə olsaydım, rüsumları artırmaq yerinə, digər vəsaitlərdən istifadə edərdim”, - deputat bildirdi.

V.Əhmədov cərimələrlə bağlı müəyyən nazirliklər vıə komitələr üçün münbit şərait yaradıldığını qeyd etdi. Deputat təklif etdi ki, gələn dəfə Maliyyə Nazirliyi bu vəsaitlərlə bağlı məsələyə də baxsın. “Bizi narahat edən qiymət məsələsidir. Dövlət rüsumlarının artırılması qiymət məsələsinə çox ciddi təsir edir. Bazarda qiymətlər nəinki aybay, günbəgün artmaqda davam edir və qarşısını ala bilmirik. Baytarlıq, quş əti, heyvandarlıqla əlaqədar rüsumların artırılması istər-istəməz rüsumlara təsir edir. Baxıram, 110 manatlıq rüsum 150 manata qaldırılıb. 15 manatdan 50 manatadək artımlar var. Bu artımlar o qədər də kiçik artımlar deyil. Dərman vasitələri ilə əlaqədar bizdə problemlər var. Azərbaycanda 13 min adda dərman olmalıdır. Hazırda dərman bazarında cəmi 8 min adda dərman var. 5 min adda dərman ölkəyə gətirilmir, çünki sərf eləmir. İki şirkətlə görüşmüşəm, onlar deyirlər qeydiyyatla bağlı problemlər var. Dərman sahəsində onsuz da problemlərimiz var, bu sahədə rüsumlara dəyişiklik edilməsini istəməzdim”,- V.Əhmədov daha sonra söylədi.

Aksiz markalarla əlaqədar danışan V.Əhmədov dedi ki, bir neçə il əvvəl aksiz markaları və alkoqollu içkilərlə bağlı rüsumları qaldırdıq: “Düzdür, zərəri var, amma tələbat var, bu da əhalinin vəziyyətinə təsir edir”.

Musavat.com

loading...
Diaspora