Avqustun 5-də Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə iclas keçirilib
Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasın məqsədi kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına satılan mineral gübrələrin dəyərinin orta hesabla 70 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə məsələrə olub.Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd edib ki, prezidentin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 2007-ci il 23 yanvar tarixli 1907 nömrəli Sərəncamı kənd təsərrüfatı məhsulları istehsalçılarının dövlət tərəfindən dəstəklənməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən biri olub. 2007-ci ildən başlayaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilir. Bu ildən dövlət başçısının sərəncamı ilə istehsalçılara hər hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardım 25 faiz artırılıb.
Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat yardım verilməsi ilə bağlı 60 rayon (şəhər) komissiyasından daxil olmuş sənədlərə baxılıb.
Respublika Komissiyası 60 rayon (şəhər) komissiyası üzrə 372234 istehsalçıya 1263947,0 hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 63197350,0 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.
Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.
Rayon (şəhər) və kənd ərazi komissiyaları üzrə yardım veriləcək istehsalçıların siyahısı, onların əkin sahələri və hesablanmış yardımın məbləği barədə məlumatlar Nazirliyin rəsmi internet səhifəsinin (http://agro.gov.az) "Subsidiyalar" bölməsində yerləşdiriləcək.
İctimai nəzarəti gücləndirmək, şəffaflığı və hesabatlılığı təmin etmək,eləcə də ayrılmış dövlət vəsaitlərindən səmərəli istifadə olunmasını təmin etmək məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarından, qeyri-hökumət təşkilatlarından və digər maraqlı tərəflərdən dövlət yardımları ilə bağlı qarşılaşdıqları neqativ hallar barədə məlumatı Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə (1652) bildirməklə yaxud [email protected] poçtuna ünvanlamaqla bizə yardımçı olmaları xahiş olunur.