Doğum günü olan şəhidlər - FOTO

Doğum günü olan şəhidlər -  FOTO backend

Vətən müharibəsi zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirərək torpaqlarımızın işğaldan azad olunmasında əvəzsiz xidmət göstərən altı şəhidimizin bu gün doğum günüdür.

Qazilər.az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

MAHHXHQ baş çavuş Hüseynov Məhəmməd Alik oğlu 1993-cü ildə Beyləqan rayonu Bahar qəsəbəsində anadan olub. Əslən Cəbrayıldan olan şəhidimiz Sərdar İmrəliyev adına Bahar kənd tam orta məktəbini bitirdikdən sonra Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsində (XTD) müddətli həqiqi hərbi xidmət keçib.

Daha sonra XTD-də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmətini davam etdirib. M.Hüseynov Türkiyədə 6 aylıq xüsusi təyinatlıların kursunu keçib, paraşütlə atlama, əlbəyaxa döyüş və sualtı dalğıc kurslarında yüksək məharət göstərərək fərqlənmə diplomları ilə təltif edilib.

Vətən müharibəsində Murovdağ silsiləsində gedən döyüşlərdə iştirak edən xüsusi təyinatlı M.Hüseynov Murov zirvəsi azad edildikdən sonra öz doğma yurdu olan Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərə qoşulub.

8 oktyabrda Cəbrayıl rayonu ərazisində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, Məhəmməd Hüseynov Alik oğlu sosialist əməyi qəhrəmanı Sərdar İmrəliyevin nəvəsidir.

Əsgər Hüseynzadə Elgiz İbrahim oğlu 2001-ci ildə Tərtər rayon Bəyimsərov kəndində dünyaya gəlib. Əslən Kəlbəcərdən olan Elgiz Hüseynzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb.

O, 22 oktyabrda Füzuli istiqamətində gedən döyüşdə şəhid olub.

Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elgiz Hüseynzadə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHHXHQ əsgər İsmayılov Kənan Mənsur oğlu 1994-cü ildə Yevlax rayonu Xanabad kəndində dünyaya gəlib. Vətən müharibəsində iştirak edən qəhrəmanımız verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirib. O, Talış-Suqovuşan istiqamətində gedən döyüşlər zamanı sentyabarın 10-da şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Kənan İsmayılov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Əsgər Mehtiyev Taleh Musa oğlu 2001-ci ildə Bakıda Sabunçu qəsəbəsində anadan olub. T.Mehtiyev 2020-ci ilin may ayında müddətli həqiqi hərbi xidmətə çağırılıb. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən Vətən Müharibəsində iştirak edən qəhrəmanımız Tərtər-Ağdərə bölgəsində savaşıb.

7 oktyabr 2020-ci ildə düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Taleh Mehtiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Əsgər Mustafayev Nicat Bəki oğlu 2001-ci ildə Binəqədi rayonunun Binəqədi qəsəbəsində anadan olub. Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbdə 9 illik təhsilini tamamlayaraq, Azərbaycan Dəmiryol liseyinə qəbul olub. Təhsilini bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Nicat Mustafayev Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı-pulemyotçu kimi xidmət edib. Vətən müharibəsində Murovdağ, Cəbrayıl, Füzulinin işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 5-i döyüş tapşırığını yerinə yetirən zaman şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Nicat Mustafayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olmasına görə” medalları ilə təltif edilib.

Kiçik gizir Quliyev Fərid Ayazxan oğlu 28 oktyabr 1994-cü ildə Cəlilabad rayonunun Babalı kəndində anadan olub. 2000-2011-ci illərdə həmin kənddə orta təhsil alıb. 2012-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ilin oktyabr ayında Dövlət Sərhəd Xidmətinin sıralarına qəbul olunub Sərhəd Qoşunlarının Xudat sərhəd dəstəsinə göndərilib.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Fərid birbaşa döyüşlərə yollanıb. Xocavənd rayonu ərazisində bir sıra uğurlu döyüş əməliyyatlarında iştirak edib.

F.Quliyev oktyabrın 9-da Hadrut uğrunda gedən döyüşlər zamanı aldığı güllə yarasından şəhidlik zirvəsinə ucalıb. 16 oktyabr 2020-ci ildə Cəlilabad rayonu, Babalı kənd qəbiristanlığında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Fərid Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Oxu.az

Diaspora