2013-cü ildən fəaliyyətə başlayan İsmayıllı Humanitar Texnologiya Kollecinin ilk məzunlarının buraxılışı olub.
AZƏRTAC xəbər verir ki, avqustun 6-da kollecdə diplomların təqdim olunması mərasimi keçirilib. Mərasimdə rayon rəhbərliyi, valideynlər, müəllimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Kolleci turizm və onun təşkili fakültəsi üzrə 4 nəfər, kompyuter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti fakültəsi üzrə isə 9 nəfər bitirib. Bir nəfər məzun - Elyanə Ədilova məktəbi fərqlənmə diplomu ilə qurtarıb.
Mərasimdə çıxış edənlər gənclərə müstəqil həyat yollarında, qazandıqları sənət sahəsində uğurlar arzulayıblar.
Sonda məzunlara bitirdikləri ixtisaslar üzrə diplomlar təqdim olunub.
Qeyd edək ki, kollecdə 8 ixtisas üzrə 346 nəfər tələbə təhsil alır. Fəaliyyətə başladığı dövrdən bu günə kimi ixtisaslar üzrə mütəxəssis hazırlığı yüksək səviyyədə həyata keçirilib, tədrisin müasir tələblərə uyğun qurulmasına nail olunub. İsmayıllıda yeganə tələbə müəssisəsi olan kollec rayonun ictimai-mədəni həyatında da fəal iştirak edir.