Doğum günü olan şəhidlərimiz - FOTO

Doğum günü olan şəhidlərimiz -  FOTO backend

44 günlük Vətən müharibəsi şəhidlərindən səkkiz nəfərin doğum günüdür.

Qazilər.az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir. 

Əsgər Abbasəliyev Hüseyn Adil oğlu 22 oktyabr 2000-ci ildə Mingəçevir şəhərində anadan olub. 23 oktyabr 2018-ci ildən 29 mart 2020-ci ilə qədər Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçib.

Hüseyn Abbasəliyev 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Əsgər Abbasəliyev 2020-ci il sentyabr ayının 29-da qəhrəmancasına şəhid olub. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Hüseyn Abbasəliyev ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 

MAHHXHQ matros Əliyev Bəybala Fazil oğlu 1996-cı il oktyabrın 22-də Gədəbəy rayonunun Səbətkeçməz kəndində anadan olub.

2002-2013-cü illərdə Səbətkeçməz kənd tam orta məktəbində təhsil alıb. 2013-2015-ci illərdə müddətli həqiqi hərbi hərbi xidmətdə olan Bəybala Əliyev 2016-cı ildən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sıralarında “matros” (dənizçi) hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət edib. 

Bəybala Əliyev 2020-ci il sentyabrın 27-də başlayan İkinci Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Bəybala Əliyev oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapılmayıb. O, 08.12.2020-ci il tarixində Gədəbəy rayonunun Səbətkeçməz kəndində dəfn olunub. 

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Bəybala Əliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. 

MAHHXHQ əsgər Abbasov Bəşir Nizami oğlu 1998-ci ilin 22 oktyabr tarixində Quba rayonunda anadan olub. Xüsusi Təyinatlı Qüvvələrdə həqiqi hərbi xidmətini başa vuran Bəşir Abbasov sonradan Qusar rayonundakı  XTQ-yə məxsus hərbi hissədə xidmətini davam etdirib. 

Bəşir Abbasov Vətən müharibəsinin iştirakçısı olub, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İgidimiz oktyabr ayının 5-də Füzulinin Alxanlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. 

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Bəşir Abbasov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. 

Leytenant Məmmədov Kənan Nifdalı oğlu 1993-cü il oktyabrın 22-də Ucar rayonunun Alpout kəndində anadan olub.  2013-2017-ci illərdə Bakı Dövlət Universitetində (BDU) Filologiya fakültəsində ali təhsil alıb. 

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin leytenantı olan Kənan Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan İkinci Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Kənan Məmmədov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı şəhid olub. Ucar rayonunda dəfn olunub. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Kənan Məmmədov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Əsgər Vəliyev Vüqar Emin oğlu 22 oktyabr 1995-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olub. 2002-ci ildə Ağdam rayon Rzalar kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub və 2013-cü ildə həmin məktəbin 11-ci sinfini yüksək qiymətlərlə bitirib. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 

2019-cu ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında müvəffəqiyyətlə iştirak edib və Quzanlıda yerləşən Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbinə idman müəllimi kimi qəbul olub. 2017-2018-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Vüqar Vəliyev 2020-ci il sentyabrın 27-də başlayan İkinci Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə vuruşub. 

17 oktyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan qəsəbəsi yaxınlığında xidməti vəzifəsini yerinə yetirərkən şəhid olub. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Vüqar Vəliyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHXHHQ əsgər Yunisli Elşən Fazil oğlu 1995-ci il oktyabrın 22-də Şəmkir rayonunun Təzəkənd kəndində anadan olub.
Elşən Yunisli 2020-ci il sentyabrın 27-də başlayan İkinci Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.

O, Murovdağ döyüşləri zamanı döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Uzun müddət tapıla bilməyib və rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Onun nəşi 26 iyun 2021-ci ildə tapılıb və ailəsinə təhvil verilib.

Şəhidimiz 27 iyun tarixində Şəmkir rayonunun Təzəkənd kəndində dəfn olunub. 

MAHHXHQ çavuş Yusifli Müzəffər Ziyəddin oğlu 2000-ci il oktyabrın 22-də Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. 
Azərbaycan Ordusunun çavuşu olan Müzəffər Yusifli 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Müzəffər Yusifli oktyabrın 9-da Füzuli şəhəri uğrunda gedən döyüşlərdə şəhid olub. Beyləqan rayonunun Kəbirli kəndində dəfn olunub. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Müzəffər Yusifli ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. 

Əsgər Zeynallı Elşad Elman oğlu 1996-cı il oktyabrın 22-də Lənkəran rayonunda dünyaya gəlib. 2020-ci il sentyabrın 27-də başlayan İkinci Vətən müharibəsinə könüllü olaraq qatılıb. Füzuli rayonu ərazisində gedən hərbi əməliyyatlar zamanı ağır qəlpələrlə törədilmiş zədələnmələr, bud arteriyasının travması diaqnozu ilə şəhid olub. 

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən,  Zeynallı Elşad ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Oxu.az

loading...
Diaspora