2017-ci il fevral ayının 24-dən 25-ə keçən gecə Xocavənd-Füzuli istiqamətində düşmənin təxribatının qarşısını alarkən Azərbaycan ordusunun 5 hərbçisi qəhrəmanlıqla həlak oldu.
Həmin hərbçilərdən biri, 25 aprel 1990-cı ildə Yardımlı rayonunun Peştəsər kəndində dünyaya gəlmiş şəhid kəşfiyyatçı, baş leytenant Nəzərov Şahlar Yaşar oğlu idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qəhrəman zabitimiz şəhid olmazdan 5 ay əvvəl ailə həyatı qurmuşdu. Həlak olduqdan 4 ay sonra onun əkiz oğul övladları dünyaya gəldi. Körpələrin babası Yaşar kişi nəvələrinə Şahlar və Yaşar adlarını verdi, şəhid qəhrəmanımızın və özünün adını.
Yaşar Nəzərov doğulduğu kəndin – Peştəsər kəndinin məzarlığında and yerinə çevrilib. Oğul övladları da artıq 5-ci yaşdadırlar, Allah qorusun!
Bir az da keçəcək, Şahlar və Yaşar qardaşları məktəbə yollanacaqlar, həyatda ilk qədəmlərini atıb, cəsur atalarına və Vətənə layiq övlad olmaq üçün çalışacaqlar. Amma onlar ən uzağı 9-cu sinfədək normal təhsil almaq imkanına malikdirlər.
Məsələ burasındadır ki, 82 şagirdlik Peştəsər kəndində ümumi orta məktəb fəaliyyət göstərir və orta təhsili tam başa vurmaq imkanı yoxdur. Bu səbəbdən kənddəki şagirdlər 10-11-ci sinifləri qonşu kəndlərin məktəblərində təhsil almaq məcburiyyətindədirlər. Dağlar qoynunda yerləşən, çətin relyefə malik Peştəsər kəndinə isə ən yaxın məktəb Dağüzü kəndindədir – 6 kilometr məsafədə! Təsəvvür edin, Peştəsərdən Dağüzünə heç avtomobil yolu belə, yoxdur! İndi bu kənddə 9-cu sinfi bitirən şagirdlər qonşu Dağüzü məktəbinə, payi-piyada necə getsinlər? Hazırda Peştəsərdən qonşu məktəblərə 10-cu sinifdə təhsil alan 8, 11-ci sinfə keçmiş 5 şagird təhsil alır. Onların durumunu təsəvvür edin...
Yardımlıda belə nümunələr az deyil. Eləcədə də mənim doğulduğum Bilnə kəndində natamam orta məktəbdir. Çıxış yolu qonşu Vərgədüz və Bürzümbül orta məktəblərinə getməkdir. Elə bu günlərdə şəhidimiz Əli Rzalının qardaşı Elmir qonşu (ən yaxını 5 km-likdə) məktəb və ya kursa (10 km-likdə) yollanmaq məcburiyyətində qalıb, hərbi xidmətdən qayıtdıqdan sonra polis olmaq istəyən Murov şəhidi qardaşının arzusunu çin eləmək, onun ruhunu şad etmək üçün hər cür çətinliyə qatlaşır. Allah arzusuna çatdırsın!
Hələ bu, iki nümunədir. Heç olmasa şəhid övladları və doğmalarının xətrinə onların doğulduğu kəndlərdəki məktəblərdə tam orta məktəblər yaradılsın. Təhsil Nazirliyindən xahiş edərdik ki, bu məsələyə həssas yanaşsın!
İkinci xahiş və gözlənti: həm Şahların, həm də Əlinin 9 il təhsil aldığı Peştəsər və Bilnə ümumi kənd məktəblərinə şəhidlərimizin adı verilməyib. Bu məsələ isə Nazirlər Kabinetinin qərarına bağlıdır. Zəfərimizin ildönümünə sayılı günlər qaldı, şəhid ailələrinin və övladlarının gözləri yolda, qulağı səsdə, lütfən biganə qalmayaq!
Musavat.com