Baş qazinin xanımından onun anım günü ilə bağlı paylaşım: "Yaddan çıxan bir şey var"

Baş qazinin xanımından onun anım günü ilə bağlı paylaşım:  "Yaddan çıxan bir şey var" backend

Bu gün Baş qazi Ehtimat Əsədovun vəfatının ildönümüdür. Qarabağ müharibəsi qazisi, Qarabağ Əlillər Cəmiyyətinin və “Qarabağ qaziləri” ictimai birliyinin sədri olmuş Etimad Əsədovun vəfatından 3 il ötür.

Qazilər.az xəbər verir ki, bununla bağlı Etimad Əsədovun xanımı Məlahət Rzayeva feysbukda paylaşım edib.

Həmin yazını təqdim edirik:

"Sənə çox borcum var. O qədər çox şey öyrətdin ki mənə... Allaha bağlanmağı. Yalnız Ondan yardım gözləməyi. Ruzini yalnız Allahın verdiyini. Allahdan başqasına ibadət etməməyi, kimsənin qarşısında əyilməməyi. Yaradılmışı Yaradana xatir sevməyi. Paylaşmağı. Ehtiyaclılara nəyin varsa onunla kömək etməyi. Qəlbi qırıqların könlünü lap kiçik, xoş bir sözlə almağı. Sevməyi. Sevgiyə yenilməyi. Sevgini bölüşməyi. Sevdiyinə güzəştə getməyi. Şərt qoşmamağı. Fədakarlığı. Mehribanlığı, şəfqəti, səmimiyyəti. Tənhalığa qalib gəlməyi. Çıxacağımız uzun yola tədarük görməyi... Həyat müəllimim sən oldun. Bilmirəm, necə öyrənciyəm. Bacarırammı?.. Yaddan çıxan bir şey var: səbr etmək. Tələsməmək. Bunu öyrətmədin. Çox səbirsizdin, çünki. Elə hey tələsirdin. Hər işə, hər yerə. Ömrün qısa olduğunu bilirmişsən. Demədin amma!.. Bu da sənin mənə borcun olsun. Mənim borclarımın müqabilində səninki nədi ki! Bir az, lap azacıq səninlə tarazlaşmaq üçün bu borcu "uydurdum". Sənə çata bilmərəm onsuz da. Elə bir zirvədəsən ki... O zirvədən baxıb gülümsəyirsən. Gülümsəmək sənə çox yaraşır, Qazi - Şəhidim, Etimadım! Əbədi yolçuluğa başladığın günün mübarək olsun"!

Diaspora