Vətən müharibəsində 24 ermənini məhv edən şəhid mayorun xatirəsi anılıb - FOTO/VİDEO

Vətən müharibəsində 24 ermənini məhv edən şəhid mayorun xatirəsi anılıb -  FOTO/VİDEO backend

Bu gün Vətən müharibəsi şəhidi, mayor Rüfət Əsgərovun anım günüdür.

Bununla əlaqədar şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri, Xətai Rayon İcra Hakimiyyətinin (RİH) təmsilçiləri şəhidin yaşadığı ərazidə yerləşən xatirə lövhəsini və II Fəxri xiyabanda məzarını ziyarət ediblər.

Mərasimdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Daha sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Çıxışlarda şəhidin qəhrəmanlığından, vətənpərvərliyindən, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qələbə qazanılması üçün şəhidlərimizin göstərdikləri şücaətdən danışılıb, Vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalq tərəfindən daim əziz tutulduğu bildirilib.

Şəhidin ailə üzvləri, yaxınları çıxış edərək xatirələrini bölüşüblər.

Qeyd edək ki, Əsgərov Rüfət Mürvət 1981-ci il avqustun 29-da Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. 1988-1996-cı illərdə Xətai rayonunda Ə.Əliyev adına 204 nömrəli tam orta məktəbdə, 1996-1999-cu illərdə isə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb.

Leytenant R.Əsgərov 2003-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2009-2012-ci illərdə baş leytenant rütbəsi ilə Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib.

Sonra kapitan rütbəsinə layiq görülüb və 2012-2014-cü illərdə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə, 2014-cü ildə isə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib.

2014-cü ildə mayor rütbəsi alan R.Əsgərov həmin ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbinin (AAHM) Kəşfiyyat kafedrasının baş müəllimi işləyib.

Hərb yolu həm də Xüsusi Təyinatlı Qüvvələrdən keçmiş mayor R.Əsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Ermənistan Silahlı Qüvvələrinin 24-dən çox hərbçisini məhv edib, həmçinin üç postun Azərbaycan Ordusunun nəzarəti altına alınmasında fərqlənib.

R.Əsgərov oktyabrın 14-də şəhid olub. Füzuli ərazisində, "Su-25" tipli təyyarədə döyüş tapşırığını yerinə yetirərəkən düşmən tərəfindən vurulub. O, II Fəxri xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən R.Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Eyni zamanda, şəhid mayor ordudakı misilsiz xidmətlərinə görə həmçinin III dərəcəli "Qüsursuz xidmətə görə", II dərəcəli "Qüsursuz xidmətə görə", I dərəcəli "Qüsursuz xidmətə görə" medalları, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilib.

loading...
Aydinyol.az