44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr

44 günlük Vətən müharibəsinin xronikası:  14 oktyabr backend

14 oktyabr 2020-ci il. Döyüşlərin bu günü də ordumuzun üstünlüyü ilə davam etdi. Düşmən cəbhənin bütün istiqamətlərində darmadağın edilir, işğal altında olan ərazilərdən çıxarılırdı.

 

Saat 03:23-də Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin Kəlbəcər rayonu ilə sərhəd zonasında yerləşdirilmiş Ermənistanın bir neçə ballistik raket kompleksini məhv etdiyini bildirdi.

 

Müdafiə Nazirliyinin məlumatına görə, raket sistemləri Gəncə, Mingəçevir və Azərbaycanın digər şəhərlərindəki mülki əhaliyə və infrastruktura yönəlmişdir.

 

Düşmən ordunun təxribatları davam edirdi. Bu dəfə isə Ermənistan ordusu mülki şəxslərlə yanaşı, media mənsublarını da hədəf seçirdi. Həmin gün, Tərtərin Şıxarx qəsəbəsində olan “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTv) cəbhəboyu zonaya ezam olunmuş əməkdaşları, müxbir Elnur Tofiq, video operator Elşad Heydərov və sürücü Namiq Qəmbərovun olduğu avtomobilin yaxınlığına Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşi açılmışdı. Düşmən təxribatı nəticəsində sürücü Namiq Qəmbərov bədənin müxtəlif nahiyələrindən yüngül qəlpə yaraları almış, televiziyanın avtomobili isə yararsız hala düşmüşdü.

 

Bütün bu təxribatlara rəğmən işğal altında olan torpaqlar azad edilir, Azərbaycan əsgəri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarix yazmaqda davam edirdi. Elə bunun nəticəsi idi ki, dövlət başçısı Füzuli rayonunun Qaradağlı, Xatınbulaq, Qarakollu və Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Qırmızıqaya, Təkə, Tağaser kəndlərinin Azərbaycan qoşunları tərəfindən azad olunduğunu elan etdi.

 

Tarix yazan Azərbaycan ordusu hər gün onlarla kəndi, qəsəbəni, işğaldan azad edirdi. Hər keçən gün isə qələbəyə daha da yaxınlaşırdıq. Düşmən 26 gündən sonra təslim olduğunu bəyan edəcəkdi.

loading...
Aydinyol.az