Qarabağ qaziləri Asif Yusiflinin həbsinə etiraz edir

Qarabağ qaziləri Asif Yusiflinin həbsinə etiraz edir backend

“Qarabağ qaziləri” və “Vətən Müharibəsi Əlilləri” birlikləri bu günlərdə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1-ci qrup Qarabağ qazisi (əlili) Asif Yusifliyə 7 il 5 ay həbs cəzası verməsindən narazı qalıblar. QAZİLER.AZ saytı xəbər verir ki, bu barədə hər iki təşkilat birgə açıqlama yayıb. Açıqlamada deyilir:

“Biz Bakı Ağır Cinayətlər Məhkəməsinin Qarabağ qazisi Asif Yusifliyə 7 il 5 ay həbs cəzası verməsi qərarından çox təəssüfləndik. Çünki məhkəmə qərar verərkən Asif Yusiflinin 1-ci qrup Qarabağ qazisi olmağını, himayəsində azyaşlı uşaqların olmasını, iddia edilən ittihamın cəmiyyət üçün elə də təhlükə törətmədiyini, eləcə də vətəndaşa dəymiş ziyanın da ödənildiyini nəzərə almayıb. Dövlətin, vətəndaşların yüz minlərlə, milyonlarla vəsaitini dələduzluq, korrupsiya yolu ilə mənimsəyənlərin ölkəmizdə kefi kök, damağı çağ şəkildə azadlıqda gəzdiyi halda Qarabağ qazisinin bu ittihamla 7 il 5 ay həbsə atılması çox böyük ədalətsizlikdir. Və biz bu ədalətsizliyə qəti etiraz edirik. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı İlham Əliyev cənablarının hamıdan Qarabağ qazilərinə qarşı diqqət və qayğının tələb etdiyi bir vaxtda məhkəmənin belə qərəzli və ədalətsiz qərarı başa düşülən deyil”.

Açıqlamada o da qeyd olunub ki, hər iki təşkilat bu məsələni diqqətdə saxlayacaq, Asif Yusiflinin azadlığa qovuşması üçün qanun çərçivəsində əllərindən gələni edəcəklər.

QAZİLER.AZ
Diaspora