Regionlarda dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işi davam etdirilir

Regionlarda dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işi davam etdirilir backend

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən, ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) 2,5 milyon manat vəsait ayrılıb. Həmin maliyyə vəsaiti hesabına maarifləndirmə işinin aparılması məqsədilə Dövlət Komitəsinin dəstəyi ilə tədbirlər təşkil edilir.



DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, belə tədbirlərdən biri Şəki rayonu İnçə kənd məscidi dini icmasının “İslam dinində və cəmiyyətdə zərərli vərdişlərə münasibət” layihəsi çərçivəsində Şəkinin İnçə kəndində keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı və başqaları iştirak ediblər.

Oğuz şəhəri “Cümə” məscidi dini icmasının “Ənənəvi İslam və dindarların radikal təsirlərdən qorunması” layihəsinin təqdimatı və həmin layihə çərçivəsində “İslam birlik dinidir” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə çıxış edən dini icmanın sədri Şövkət Cəlilov bildirib ki, layihənin icrasının əsas məqsədi radikal fikirlərin rayon dindarları, xüsusən gənclər arasında yayılmasının qarşısının alınmasıdır. Tədbirdə müstəqil ekspert qismində çıxış edən Saleh Kazımov dindarların maarifləndirilməsi işinin və İslam dininin bəşəriyyəti səslədiyi birlik və bərabərliyin təbliğ olunmasının vacibliyini vurğulayıb. S.Salahlı çıxış edərək ölkə rəhbərliyinin dini icmalara qayğı və diqqətlə yanaşmasının dövlət və din siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb.

İsmayıllı şəhər “Cümə” məscidi dini icmasının “Gənclərimizin sağlam dini maariflənməsi” layihəsi çərçivəsində “Milli mənəvi dəyərlərimiz və gənclik” adlı “dəyirmi masa” təşkil edilib. Tədbirdə milli mənəvi, dini dəyərlər və bu mövzuda gənclərin üzərinə düşən vəzifələr barədə fikir mübadiləsi aparılıb.

İsmayıllı rayon Diyallı kənd məscidi dini icmasının “İnsanların əxlaq və sevgi yönümündən dini maariflənməsi” layihəsi çərçivəsində “İslam gözəl əxlaqdır” adlı “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da komitənin Şamaxı bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Rəhim Rəhimli layihənin önəmindən bəhs edib. BDU-nun müəllimi Saleh Kazımov İslamın sevgi, əxlaq, sülh və əmin-amanlıq dini olması haqqında məruzə ilə çıxış edib. Diyallı kənd məscidi dini icmasının sədri Hikmət Əhmədov və rayon Ağsaqqallar Şurasının sədri İnqilab Həsənov dini icmalara ayırdığı diqqətə və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. “Dəyirmi masa”da milli mənəvi və dini dəyərlər, İslamın sülh, qardaşlıq və sevgi dini olması haqqında geniş söhbətlər aparılıb.
Diaspora