Doğum günü olan qəhrəman şəhidlərimiz - FOTO

Doğum günü olan qəhrəman şəhidlərimiz - FOTO backend

Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsi şəhidlərindən yeddi qəhrəmanımızın doğum günüdür. 

Oxu.Az Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir:

Baş leytenant Bayramov Ramin Hüseynağa oğlu 8 oktyabr 1979-cu ildə Cəlilabad rayonunun Alar kəndində dünyaya göz açıb. 1986-1996-cı illərdə Alar kənd 2 saylı orta məktəbdə təhsil alıb. 1996-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olub. 2000-ci ildə ali təhsilini əla qiymətlərlə başa vurduqdan sonra hərbi təlim-məşq keçərək leytenant rütbəsi alıb. 2005-2006-cı illərdə hərbi xidmət qulluqçusu olan Ramin Bayramov bu müddətdə baş leytenant rütbəsi alıb, sonra ehtiyatda olan zabit kimi ehtiyata buraxılıb.

O, 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində könüllü iştirak edib. Füzulinin, Cəbrayılın, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 10 noyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 11 noyabr tarixində Cəlilabad rayonunun Alar kəndində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Ramin Bayramov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edildi.

Əsgər Əfəndiyev Nurlan Mürvət oğlu 8 oktyabr 1995-ci ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olub. 2001-ci ildə Xalxalqışlaq kənd məktəbinin 1-ci sinfinə gedib. 2012-ci ildə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirib. Nurlan Əfəndiyevin ailəsi sadə, zəhmətkeş kəndli ailəsi idi. Odur ki, Nurlan da uşaqlıqdan zəhmətə bağlı böyüyüb. Bütün təsərrüfat işlərində ailəyə kömək edərdi. Bərbər ixtisasına yiyələnib. Ən böyük arzusu yanğınsöndürən işləmək idi. İdmanın qaçış növü ilə məşğul olub, rayon yarışlarında iştirak edib.

O, 2014-2015-ci illərdə Gəncə şəhərində N saylı hərbi hissədə hərbi xidmətdə olub. Dəfələrlə komandanlıq tərəfindən təşəkkürnamələr alıb.

Nurlan Əfəndiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan Vətən müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Nurlan Əfəndiyev oktyabrın 6-da Murovdağ döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olub. Şəhidimiz oktyabrın 7-də Xalxalqışlaq kəndində dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Nurlan Əfəndiyev ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

MAHHXHQ kiçik çavuş Əliyev Şaməddin Qafqaz oğlu 1990-cı il oktyabrın 8-də Goranboy rayonunun Balakürd kəndində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Şaməddin Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şaməddin Əliyev oktyabrın 20-də Ağdərə istiqamətində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Şaməddin Əliyev ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHHXHQ kiçik çavuş Hüseynov Anar Hüseyn oğlu 1982-ci il oktyabrın 8-də Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. 1988-1999-cu illərdə Q. Rzayev adına Hacallı kənd tam orta məktəbində təhsil alıb. Anar Hüseynov 2000-2002-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Anar Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Hüseynov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub. Tovuz rayonunun Əlibəyli kəndində dəfn olunub. Onun Vətənə əmanət iki övladı qalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Anar Hüseynov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.

MAHHXHQ əsgər İbrahimov Təbriz İsmayıl oğlu 8 oktyabr 1992-ci ildə Salyan rayonunun Çadırlı kəndində dünyaya göz açıb. Orta məktəbini bitirdikdən sonra müddətli həqiqi hərbi xidmət qulluqçusu olan Təbriz hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətini davam etdirib.

Azərbaycan Ordusunun əsgəri olan Təbriz İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Sonuncu dəfə 28 sentyabr tarixində əlaqə saxlayıb. Zəngində mina partlayışı nəticəsində ayağından yaralandığını və Ağdağ adlı postdan dərənin dibinə düşdüyünü, neytral zonada olduğunu söyləyib. Çoxlu qan itirən Təbriz İbrahimov 28 sentyabr 2020-ci ildə Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunub. Təbriz İbrahimovun nəşi 19 may 2021-ci ildə tapılıb və 20 may 2021-ci ildə İkinci Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Təbriz İbrahimov ölümündən sonra “Vətən uğrunda” medalları ilə təltif edilib.

Əsgər Musayev Rüfət Ülfət oğlu 2001-ci ildə Şəki rayonunda dünyaya gəlib. Oktyabrın 24-ü 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılıb. Talış Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 10-u 2020-ci ildə müharibənin ən qızğın dövründə Talış-Suqovuşan istiqamətində döyüş tapşırıqlarını yerinə yetirən zaman şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Rüfət Musayev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Əsgər Nurullayev Elnur Fərhad oğlu 8 oktyabr 2000-ci ildə Şəkinin Kiş kəndində doğulub.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Laçın istiqamətində gedən qızğın döyüşlərdə iştirak edib. Laçın uğrunda gedən döyüşlərdə 28 oktyabr 2020-ci ildə artilleriya atəşi nəticəsində şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

loading...
Aydinyol.az