MTN-də onu və Aydəmirovu hədələyib, külli miqdarda pulunu alıblar - Generalın sürücüsü

MTN-də onu və Aydəmirovu hədələyib, külli miqdarda pulunu alıblar - Generalın sürücüsü backend

Ləğv edilmiş MTN-nin Hərbi Əks-kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, general Nizami Şirinov hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər ki, ayrı-ayrı idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirov da generallarla birlikdə mühakimə olunur.

Bu gün Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər mülki iddia qaldırıblar.

Onlardan Rahib Ağayev 150 min, Vüqar Ağayev isə 1 milyon 162 min manatlıq mülki iddianı məhkəməyə təqdim ediblər. Məhkəmə mülki iddiaları icraata qəbul edib.

Daha sonra general Nizami Şirinovun vəkili məhkəməyə vəsatət verərək prosesin qapalı keçirilməsini istəyib. O bunu belə izah edib ki, Nizami Şirinov uzun müddət xüsusi xidmət orqanında çalışıb və onun deyəcəklərində dövlət sirri ola bilər.

Hakim bildirib ki, məhkəmənin gedişatında zərurət yaranacağı təqdirdə bu məsələyə baxılacaq.

Məhkəmənin davamında ittiham aktı elan edilən zaman məlum olub ki, Nizami Şirinov və digərləri qulluq mövqeyindən istifadə edərək, vətəndaşlara qarşı hədə-qorxu gəlib, pul tələb ediblər.

İttihama görə, Nizami Şirinov Dilşad Aslanov adlı şəxsdən 80 min dollar rüşvət alaraq onu MTN Akademiyasına işə düzəldib.

Generalın hədə-qorxu gələrək Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 850 min manat, Emin Abbasovdan 200 min manat, Rahib Ağayevdən isə 150 min manat pul almaqda təqsirli bilinir.

Nə general, nə də digər təqsirləndirilən şəxslər özlərini günahkar bilməyiblər və məhkəmənin indiki mərhələsində ifadə vermək istəməyiblər.

Məhkəmə zərərçəkmişləri dinləyib.

Zərərçəkmiş Rahib Ağayev deyib ki, 1991-ci ildən N saylı hərbi hissələrdə çalışıb, uzun müddət general-leytenant Yaşar Aydəmirovun sürücüsü olub və 2003-cü ildən ordudan təxris olunub. O, daha sonra da general Aydəmirovun ailə sürücüsü olub.

Ağayev deyib ki, 2012-ci ildə telefonuna zəng gəlib və özünü MTN-nin Hərbi Əks-kəşfiyyatı Baş İdarəsinin əməkdaşı, mayor Ruhlan Cəfərov kimi təqdim edən şəxs onu idarəyə dəvət edib.

“Niyə dəvət olunduğumu soruşdum. Təkidlə idarəyə gəlməyimi istədi. Mən də Yaşar Aydəmirova məlumat verdim. O da gedib məsələnin nədən ibarət olduğunu öyrənməyimi istədi. İdarəyə gedərək Ruhlan Cəfərovla görüşdüm. Mənə dedilər ki, sən saxta sənəd düzəldərək Mahir adlı hərbi qulluqçunun tərxis olunmağını təmin etmisən. Mən həmin adamı tanımadığımı, saxta sənəd düzəltmədiyimi dedim. Hədə-qorxular gəldi. Daha sonra məni rəisi Elcan Abdullayevin yanına apardı”- deyə zərərçəkmiş qeyd edib.

Ağayev əlavə edib ki, Elcan Abdullayev ona təzyiq edib: “Mənə dedi ki, tülkülük eləmə. Mənə başqa izahat yazdırdılar. Guya ki, kimdənsə 1000 manat pul almışam. Dedilər ki, bunu yazırıq ki, iş bağlansın. Sonra Ruhlan Cəfərov Elcan Abdullayevin yanına getdi. Qayıdanda qırmızı qələmlə 150 min yazılmış vərəq gətirdi. Dedi, bu pulu gətirməsən, səni vətənə xəyanətlə tutub, həbsə göndərəcəyik. Qorxuya düşdüm. Oradan çıxandan sonra məsələ ilə bağlı Yaşar Aydəmirova məlumat verdim. Yaşar müəllim məsələni danışacağını dedi. Lakin bir müddət sonra o dedi ki, pulu istəyirlərsə, alacaqlar. O, həmin vaxt Nizami Şirinovla danışa bilmədiyini dedi.

Sonra məni qara avtomobillə izləməyə başladılar. Bununla bağlı Yaşar müəllimə məlumat verirdim. Oğlumun toyu günü restoranın foyesidə tanımadığım şəxslər ortaya çıxdı. Toy zamanı Yaşar müəllimin qaynı qızı yoxa çıxdı. 4-5 saat sonra tapıldı. Bir neçə gün sonra evim yarıldı. Gəlinimin qızılları və başqa əşyalarımız oğurlandı. Mənim qızım bunların ucbatından epilepsiya xəstəliyi tutdu. Qızımdan da nəvəmə keçdi. Oğurluqla bağlı polisə məlumat verdim. İndiyə qədər həmin oğurluğun üstü açılmayıb. Həmin dövrdə dəfələrlə Ruhlan Cəfərov tərəfindən zənglər gəldi. Dost-tanışdan borc yığmağa başladım. Yaşar müəllim də 10 min dollar mənə köməklik göstərdi. Pulun 100 min dollarını düzəldərək hərbi əks-kəşfiyyatı idarəsinə apardım. Həmin pulu Ruhlana verdim. Qalan pulu da tələb edirdilər. Yaşar müəllimə məlumat verdim.

O bir neçə gün sonra Elcan Abdullayev və Ruhlan Cəfərov “Bulaq” restoranında görüşdü. Mən həmin görüşdə qapının ağzında durdum. İçəridəki söhbətlərdən xəbərsiz idim. Çıxanda Yaşar müəllim dedi ki, pulu vermək lazımdır. Bir müddət keçdi, zəng etdilər pulu verməsən, sənə də, Yaşar Aydəmirova da pis olacaq. Mən bir təhər 27 min dollar pul taparaq "Qələbə" kinoteatrının yaxınlığında Ruhlan Cəfərova verdim. Bir həftə sonra 22 min 400, bir neçə gün sonra isə 600 dolları eyni məkanda Ruhlan Cəfərova təqdim etmişəm”.

Məhkəmənin sualları cavablandıran R. Ağayev deyib ki, qorxduğu üçün hüquq-mühafizə orqanlarına şikayət etməyib. MTN hadisələrindən sonra prokurorluğa məlumat verib.

Məhkəmə araşdırması davam edir.

Bildirək ki, Nizami Şirinov da Eldar Mahmudova xüsusi yaxınlığı ilə tanınır. Maraqlıdır ki, Nizami Şirinov daha öncə də MTN-də, sonradan idarə rəisi olduğu şöbənin tərkibində çalışıb. Lakin 1997-ci ildə işində yol verdiyi nöqsanlara görə MTN-dən uzaqlaşdırılıb.

Buna baxmayaraq, Eldar Mahmudov onu 2004-cü ildə MTN-ə qaytarıb və bu dəfə yüksək vəzifə verib. O, general-mayor rütbəsini MTN-də idarə rəisi vəzifəsinə gətirildikdən iki il sonra, 2007-ci ildə alıb.

Nizami Şirinovun adı mətbuatda daha çox rüşvət qalmaqallarında çəkilir. Yayılan iddialara görə, o, hər çağırış vaxtı yüksək məbləğdə rüşvət alaraq əsgərləri MTN-in hərbi hissələrinə hərbi xidmətə qəbul edirmiş. Məlumata görə, bu məbləğ 10-40 min manat arası dəyişib.

Bundan başqa, vaxtilə MTN-də çalışan bir sıra savadlı kadrların, zabitlərin də işdən əsassız yerə uzaqlaşdırılmalarına görə Nizami Şirinovu təqsirli bilirlər. Mətbuatda yayılan şikayət ərizlərində bildirilir ki, həmin zabitlər N.Şirinovun rüşvət tələblərinə cavab vermədikləri üçün işdən kənarlaşdırılıblar.

Qeyd edək ki, Nizami Şirinovun özü də 2015-ci ildə MTN-lə vidalaşmalı olub. Onun işdən uzaqlaşdırılması ilə bağlı həmin vaxt MTN-nin birinci müavini olan Mədət Quliyev əmr imzalayıb. N.Şirinovun yerinə isə Hafiz Musayev gətirilib.

loading...
Aydinyol.az