Şəhid döyüş yoldaşının heykəlini hazırladı – FOTO

Şəhid döyüş yoldaşının heykəlini hazırladı –  FOTO backend

Vətən Müharibəsinin iştirakçısı, gənc heykəltaraş Fərid Məmmədov şəhid döyüş yoldaşı Vüsal Musayevin heykəlini hazırlayıb.

Axar.az xəbər verir ki, bu barədə Fərid Məmmədov məlumat verib.

“Vüsalla sentyabrın 21-i təlimlərdə tanış olduq. O, hamıdan seçilirdi, çox fərqli idi. Hər gün düşünürdüm ki, yəni belə insan var? Müharibədə həmişə bizi ruhlandırırdı, deyib-gülürdü, sanki müharibədə deyildik. Ad günüm avqustun 13-dədir. Lakin düşündüm ki, birdən sağ qalmaram. Yoldaşlarıma dedim ki, oktyabrın 13-də ad günümdür. Gecə saat 12-də Füzulidə ad günü keçirdik. Yaxşı ki, ad günümü keçirdim. Yoxsa Vüsal ad günümdə olmayacaqdı. Oktyabrın 13-də səhər minamyot qəlpəsindən Vüsal şəhid oldu. Orada qərar verdim ki, Vüsalın heykəlini hazırlayacağam. Çünki həqiqətən heykəli qoyulası insan idi”, - heykəltaraş deyib.

F.Məmmədov bildirib ki, heykəlin hazırlanmasına müharibədən qayıdandan sonra 7-8 ay vaxt sərf edib:

“Bildiklərim, bacarığım hamısı yadımdan çıxmışdı. Bəlkə də Vüsalın duruşu bu cür deyildi. Amma mən onu belə təsəvvür edirəm. Dəfələrlə yanımdan mərmi, qəlpə keçdi, lakin mənə heç bir şey olmadı. Sanki Vüsal məni qoruyurdu. Döyüşün sonuna qədər yanımızda oldu. Nə qədər desəm də, onu yaşamayanlar başa düşə bilməz”.

Qeyd edək ki, şəhid Vüsal Musayevin heykəli onun adına Xırdalanda salınan küçədə yerləşdiriləcək.

loading...
Aydinyol.az