"Müharibə tək qələbə deyil, həm də dərddir, kədərdir, qırılmış talelərdir, yox olmuş arzularıdır..."

"Müharibə tək qələbə deyil, həm də dərddir, kədərdir, qırılmış talelərdir, yox olmuş arzularıdır..." backend

Zəfər tariximizdən bir il ötür. Bu bir ildə nələr yaşdıq, nələrin şahidi olduq... Amma və lakin bu tarixi zəfərin hekayələrdə, romanlarda öz əksini tapdığının, diqqət çəkdiyinin, gündəm olduğunun şahidinə çevrilmədik. Görəsən səbəb nədir?

 

 Mövzu ilə bağlı yazıçı- dramaturq Əli Əmirli Moderator.az-a təəssüratlarını bölüşdü:

 

"Hər bir müharibə bədii yaradıcılığa yeni və güclü impuls verir. 44 günlük Vətən müharibəsi də bədii yaradıcılığın ən müxtəlif sahələrinə yeni mövzular verdi, yeni-yeni əsərlər yarandı. Təsviri sənət ustaları, bəstəkarlar, kinematoqrafçılar, söz sənətinin yaradıcıları rəşadətli əsgərlərimizin, müzəffər ordumuzun döyüş məharətindən bəhs edən, hər günün qələbəsini tərənnüm edən əsərlər yaratdılar. Təbiidir ki, ildırımsürətli müharibə operativlik tələb edən janrlara üstünlük verilməsini tələb edirdi. Belə də oldu. Vətənpərvərlik ruhunda kifayət qədər poeziya nümunələri, yüzlərlə publisistik yazılar, əsgərə yazılmış minlərlə məktublar, ürəkdən-qəlbdən qopan nəğmələr, teleekrandan bütün adi, gündəlik proqramları sıxışdırıb çıxaran müharibə mövzulu televiziya filmləri, qəhrəmanlarımızın döyüş yolunu, fövqəladə igidlik və qəhrəmanlıq yolunu işıqlandıran televerlişlər, süjetlər, kliplər ordumuzun ətrafında yumruq kimi birləşmiş xalqımızın qələbəyə inamını artırmağa xidmət etdi. Bu gün də bu yaradıcılıq marafonu davam edir.

 

Əlbəttə, ən yeni tariximizin unudulmaz səhifələrini yaradan və yazan müzəffər Azərbaycan ordusunun qəhrəmanlığı, mənfur düşməni rəzil edən möhtəşəm qələbəmiz bədii yaradıcılığın, o cümlədən ədəbiyyatın iri həcmli ciddi janrlarında əsil sənət əsərlərinin, povest, roman, pyeslərin yazılmasına səbəb olacaq. Buna müəyyən qədər vaxt lazımdır. Bu qələbəni sinirmək, onun mahiyyətini dərindən anlamaq, emosiyaların səngiməsini gözləmək lazım gələcək. Axı, müharibə tək qələbə deyil, həm də dərddir, kədərdir, qırılmış talelərdir, şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizin yarımçıq qalmış, yox olmuş arzularıdır. Biz müharibə, hərb sevən, fitnə-fəsad törədən xalq deyilik. Amma bizim özgə çıxış yolumuz qalmadı, biz evimizə girmiş qartımış murdar düşməni çıxdığı yerə kimi qovmalı idik, özü də "iti qovan kimi". Biz bunu bacardıq!

 

 Mən bir yazıçı, dramaturq kimi bu ədəbi hərəkatdan kənarda qala bilməzdim. Axı, o müqəddəs müharibədə rəşadətli ordumuzun sıralarında mənim onlarla tələbəm, Mədəniyyət və İncəsənət Universitetinin qəhrəman gəncləri də iştirak edirdilər. Döyüş dostlarının həyatını qorumaq üçün özünü qumbaranın üstünə atıb şəhid olan tələbəm Fəqan Məmmədovun faciəsi məni dərindən sarsıtdı. Onun haqqında "Şəhid tələbəm" adlı bir məqalə yazdım. Sonradan Fəqanın qəhrəmanlığı mənə "Bircə addım" adlı pyesi yazmağa impuls verdi. Dramatik səhnələr, gərgin hadisələr, psixoloji məqamlar və peripetiyalarla zəngin olan bu pyesin yaxın vaxtlarda tamaşaya qoyulacağına şübhəm yoxdur".

Diaspora