O yaralı halda yoldaşlarını döyüş meydanından çıxaranda şəhid olub - VİDEO

O yaralı halda yoldaşlarını döyüş meydanından çıxaranda şəhid olub -  VİDEO backend

Vətən müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı İlham Rəşidov Murovdağ silsiləsindəki yüksəkliklərin düşməndən azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb.

APA TV-nin verdiyi məlumata görə, İlham Rəşidov 1983-cü ildə Türkmənistanın Marı vilayətində doğulub. Sonradan ailəsi ilə Azərbaycana qayıdan İlham orta təhsilini Xudat şəhərində alıb.

2001-ci ildə hərbi xidməti başa vurduqdan sonra Xüsusi Təyinatlı Qüvvələrin xüsusi kursunu uğurla bitirərək kəşfiyyatçı kimi fəaliyyətə başlayıb.

İyirmi ilə yaxın Vətənə xidmət edən baş gizir xarici ölkələrdə təlimlərə cəlb olunub. Dörd dildə danışmağı bacaran İlham 2016-cı ildə Aprel döyüşlərində də fəal iştirak edib. Xidməti ərzində göstərdiyi nailiyyətlərə görə medallar və fəxri fərmanlarla təltif olunub.

Vətən müharibəsi başlayan gündən xüsusi əhəmiyyətli tapşırıqların icrasına cəlb olunan İlham Rəşidov Murovdağ silsiləsindəki Camışdağ zirvəsi, Sərsəng su anbarı istiqamətindəki vacib yüksəkliklərin düşməndən azad olunmasında fəal iştirak edib.

Döyüşlərin birində yaralı yoldaşlarını atəş altından çıxararkən minaatan mərmisi yaxınlığında partlayıb. Ağır xəsarətlər alsa da, İlham döyüş tapşırığını axıradək yerinə yetirərək, yaralı döyüş yoldaşlarını kömək üçün gələn avtomobilə çatdırıb.

Amma təəssüf ki, İlhamın özünün yaraları çox ağır olduğundan avtomobil tibb məntəqəsinə çatanadək şəhid olub.

Həyat yoldaşı Samirə Rəşidova İlhamın ən çətin döyüş əməliyyatlarda iştirak etdiyini bilirdib.

“Fəxr edirəm onunla. Həmişə də fəxr edəcəyəm. Aprel döyüşlərində də iştirak etmişdi. Vətən müharibəsindən əvvəl evə gəldi, mənimlə, uşaqları ilə görüşüb getdi. Son mesajında yazdı ki, təlimə gedirəm, uşaqlardan və özündən muğayat ol. Onun üçün ailəsi, balaları ən böyük dəyər idi. Mən Ali Baş Komandanımız İlham Əliyevə təşəkkür edirəm ki, müharibəni sonadək davam etdirdi. Şəhidlərimizin qisası alındı. Qələbə qazandıq”.

Döyüşçü İlham Rəşidovun 10 yaşında Dərya və 8 yaşında İlhan adında övladları yadigar qalıb.

Qəhrəman döyüşçü ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Diaspora