Şəhid polkovnik-leytenantın ailəsi evsizdir? - AÇIQLAMA

Şəhid polkovnik-leytenantın ailəsi evsizdir? -  AÇIQLAMA backend

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Qəmbərov Mehman Nəriman oğlunun ailəsinin yararsız vəziyyətdə olan evdə yaşadığı barədə məlumatlar paylaşılır.

Oxu.Az xəbər verir ki, söhbət Bərdənin Qarağacı kəndində bərbad daxmada yaşayan şəhid ailəsindən gedir. Şəhid polkovnik-leytenant Qəmbərov Mehman döyüşlərin 4-cü günündə, sentyabrın 30-da Füzuli istiqamətində döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. İgidliyinə və qəhrəmanlığına görə “Qarabağ” ordeni ilə təltif olunub.

Məlumatlarda şəhid valideynlərinin durumu ilə bağlı bir ildir heç kim maraqlanmır.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, şəhid Qənbərov Mehman Nərman oğlunun ailəsinin sosial-məişət şəraiti ilə bağlı maraqlanılıb:

“Şəhid polkovnik-leytenant Qənbərov Mehman Nərman oğlunun valideynlərinin yaşadığı evin şəraitsizliyi ilə bağlı sosial şəbəkədə yayılmış məlumatla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları şəhidin valideynləri ilə görüşüb, həmçinin həyat yoldaşı Qənbərova Xuraman Sərhad qızı ilə əlaqə saxlayıblar.

Şəhidin həyat yoldaşı Qənbərova Xuraman Sərhad qızı məktəbli olan iki övladı (15 yaşlı Nurlan və 9 yaşlı Ceylan) ilə birgə Bakı şəhərində yaşayır. Şəhidin ailəsinə inşaat şirkətlərindən biri tərəfindən Bakının Yeni Yasamal qəsəbəsində üçotaqlı mənzil hədiyyə edilib, onlar artıq həmin mənzilə köçüblər.

Şəhidin ailəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Prezidentin aylıq təqaüdü (500 manat), şəhidin həyat yoldaşı ilə uşaqlarına ailə başçısını itirməyə görə aylıq pensiya və aylıq müavinət (661 manat) təyin olunub. Şəhidin həyat yoldaşı ilə uşaqları məcburi köçkün kimi müavinət də alırlar. YAŞAT Fondu şəhidin anası və həyat yoldaşına 4800 manat maddi yardım edib”.

Məlumatda o da qeyd olunub ki, şəhidin valideynləri Qənbərov Nərman Əsəd oğlu və Qənbərova Məryəm Qulu qızı Ağdam rayonu, Maqsudlu kəndində qeydiyyatda olsalar da, Bərdə rayonu, Mirzəcəfərli kəndində digər övladı Qənbərov Cavid Nərman oğlunun ailəsi ilə birgə yaşayırlar:

“Ailə üzvlərinin evlə təmin edilməsi üçün onlara aidiyyəti qurum tərəfindən Ağdam rayonunda ev təklif edilsə də, bundan imtina edərək, Bərdədə yaşamaq istədiklərini bildiriblər. Şəhidin valideynləri pensiyaçıdır, qardaşı Cavid və onun həyat yoldaşı orta məktəbdə işləyirlər. Ailə üzvlərinin hər biri məcburi köçkün kimi müavinət alırlar. Şəhidin atasına Nazirlik tərəfindən psixoloji reabilitasiya xidməti də göstərilib”.

loading...
Aydinyol.az