Milli Qəhrəmanın xanımı: "Çox arzulayıram ki, Bakının görkəmli yerində..." - VİDEO

Milli Qəhrəmanın xanımı:  "Çox arzulayıram ki, Bakının görkəmli yerində..." - VİDEO backend

Sentyabrın 21-də Türkiyənin Bursa şəhərində Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin adına salınmış parkın açılışı olub. Açılış mərasimində Milli Qəhrəmanın ailə üzvləri, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Bursa və Karacabey bələdiyyələrinin nümayəndələri, buradakı ictimai birliklərin üzvləri və digərləri iştirak ediblər.

Mehtər qrupunun qəhrəmanlıq mahnılarını ifa etməsi, Azərbaycanın vətənpərvərlik mahnılarının səsləndirilməsi ilə başlayan tədbirdə Karacabəy bələdiyyəsinin sədri Əli Özkan, Şirin Mirzəyevin xanımı Flora Qasımova, “Gələcəyin İnsanları Məkanı, Gələcəyin İmkanları Məkanı – Azərbaycan deyincə” dərnəyinin sədri Hüseyn Vəliyev çıxış ediblər.

Açılışda iştirak edən Milli Qəhrəmanın həyat yoldaşı Flora Qasımova təəssüratlarını Qazilər.az-a danışıb:

"Şirin Mirzəyev adına parkın açılmasının təşəbbüskarı həmyerlimiz, əslən Şəmkir rayonundan olan Şirin Vəliyevdir. Çox ziyalı adamdır, Azərbaycan sevdalısıdır. Türkiyədə Milli Qəhrəman Polad Həşimovun adına parkın açılmasında da onun təşəbbüsü olub. Polad Həşimov parkı Bursada, ancaq Şirin Mirzəyevin adına olan park isə Bursadan bir qədər aralıda - Karacabəy rayonunda açılıb. Orda çox gözəl qarşılandıq, çox qəşəng təşkil olunmuşdu. Açılış mehtər marşı ilə edildi. Təsəvvür edin, Türkiyədə mehtər marşı hər yerdə çalınmır. Bizi Bursa şəhər bələdiyyəsinin nümayəndəsi, Karacabəy bələdiyyəsinin sədri Əli bəy qarşıladı. Mən Azərbaycandan gedəndə onlara Şuşanın rəmzi olan, qaşlarla bəzədilmiş, Xarıbülbülü simvolizə edən hədiyyə aparmışdım. Şuşa mədəniyyət şöbəsindən verdilər ki, orada təqdim edim. Bir də onlara Xurşidbanu Natəvanın Şuşa şəhərinə çəkdiyi bulağın şəklini təqdim etdim. Bildirdim ki, bu bulağın digər bir mənası Türkiyə-Azərbaycan bəyənnaməsinin həmin bulağın üstündə imzalanmasıdır.

Mənimlə birlikdə parkın açılışına Diasporla İşlər üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı getmişdi. Daha sonra Bursada müalicə alan 12 nəfər qazimizlə görüşdük, onlara maddi və mənəvi dəstək olduq. Onların problemlərini dinlədik, məsləhətlərimizi verdik. Türkiyədən gələndən sonra çalışırıq ki, qazilərin problemlərini əlaqədar təşkilatlar qarşısında qaldıraq”.

Cümhuriyyət dövründən sonra biz 70 il ayrı düşdük, gediş-gəlişimiz olmadı. İndi qəhrəmanlarımızın adına park açmaları, 44 günlük Vətən Müharibəsi dövründə bizə mənəvi və siyasi dəstək göstərmələri, Azərbaycan ordusunun yaradılmasında böyük xidmətləri olan Türkiyənin bizə qardaş münasibətidir. Hazırda Türkiyə, Azərbaycan ordusu dünyanın 50 ən güclü orduları sırasındadır. Bilirsiniz ki, artıq 44 günlük müharibəni  xarici ölkələrin hərbi məktəblərində öyrənib təhlil edirlər. Yəni necə oldu ki, biz 44 gün ərzində o boyda ərazini - 30 il ərzində bərkidilmiş, sərgərlər qurulmuş əraziləri düşməndən xilas edə bildik?! Bəlkə də müharibə başlayanda heç kim inanmazdı ki, biz bu müharibəni doğrudan da qalib qutaracağıq. Ətrafımızdakı qonşularımız da inanmırdılar. Amma Türkiyə dövlətinin bizə böyük dəstəyi oldu. Ordumuzun yüksək səviyyədə qurulması, peşəkarlığının artırılması üçün Türkiyə-Azərbaydan birgə hərbi təlimlərinin böyük rolu oldu.

İndi bizim qəhrəmanlarımızın adına belə parkların açılması, küçələrə adlarının verilməsi vaxtilə Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” söylədiyi kəlamlardakı kimi sadiqliyimizin göstəricisidir. Biz doğrudan da bir millətik, bizim qəhrəmanlarımız onların da qəhrəmanlarıdır, bizim şəhidlərimiz onların da şəhidləridir”.

“Gələcəkdə Türkiyədə digər qəhərəmanlarımızın adlarına parkların açılması nəzərdə tutulurmu?” sualına Flora xanım: “Bilirsiniz, Şirin müəllim elə də imkanları adam deyil, amma növbəti parkın Əhməd Cavadın adına açılması nəzərdə tutulur. Amma çox təəssüf edirəm ki, biz indiyə qədər Nuru Paşanın adına ayrıca bir abidə ucaltmamışıq, adına bir küçə qoya bilməmişik. Onlar necə bizim qayğımıza qalırlar, bizim şəhidlərimizə hörmətlə yanaşırlar. Çox arzulayıram ki, Bakının görkəmli yerində Nuru Paşanın abidəsi ucaldılsın. Məlumdur ki, əsrin əvvəlində Nuru Paşaya Türkiyənin yardımı olmasaydı bəlkə də biz müstəqilliyimizi qoruya bilməzdik. Tarix bizi yenidən sınağa çəkdi, həqiqətən 100 ildən sonra yenidən bizə dəstək oldu Türkiyə dövləti, Türkiyə xalqı. Bunları unutmamalıyıq! 100 ildən sonra yenə müstəqilliyimizin təhlükəli halında qardaş türk xalqı, Türkiyə dövləti bizim arxamızda oldu”.

Qazilər.az

Diaspora