Elnur Əşrəfoğlunun anası Mehriban Əliyevaya müraciət edib

Elnur Əşrəfoğlunun anası Mehriban Əliyevaya müraciət edib backend

Koronavirusa yoluxan tanınmış jurnalist, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini Elnur Əşrəfoğlunun anası Zöhrə Hüseynova Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Qaziler.az-ın məlumatına görə, bu barədə E.Əşrəfoğlunun qardaşı Rəşad Şükürov sosial şəbəkə hesabında bildirib.

Müraciətdə deyilir:

"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya

Çox hörmətli, Mehriban xanım!

Oğlum - Azərbaycanın tanınmış jurnalisti və teleşərhçisi, 25 ilə yaxın televiziyada çalışmış, Azərbaycan Olimpiya Hərəkatının, idman ailəsinin uğurlarını daim təbliğ etmiş Şükürov Elnur Əşrəf oğlu hazırda ağır xəstədir. 2021-ci il sentyabrın 2-də koronavirus infeksiyasına yoluxan oğlumun vəziyyəti ağırlaşdığından ayın 9-da o müalicə üçün "Yeni Klinika"ya yerləşdirilib. Lakin həkimlərin bütün diqqət və qayğısına, Elnuru həyata qaytarmaq üçün etdikləri cəhdlərə baxmayaraq, övladımın vəziyyətində irəliləyiş olmayıb, əksinə, sentyabrın 19-da koma vəziyyətinə düşüb. Hazırda övladıma həyatda qalması üçün EKMO aparatı vasitəsilə dəstək verilir. Elnurun bir böyrəyi 10 il əvvəl ağır xəstəlik səbəbindən götürüldüyündən hazırki durumda oğlumun səhhəti üçün əlavə problem yaradıb.

Əziz Mehriban xanım!

Bir ana olaraq, Sizə son ümid işığım kimi müraciət edirəm: Xahiş edirəm, övladımın müalicəsini öz diqqət və nəzarətinizə götürəsiniz. Bizim ailə üçün, Elnurun 2 azyaşlı övladı üçün son dərəcə kritik bu məqamda ümidimiz göydə Allaha, yerdə Sizin şəfqət və mərhəmətinizədir.

Hörmətlə, Hüseynova Zöhrə Əli qızı".

Diaspora