27 sentyabr Anım Günü ilə əlaqədar Bakıda bir sıra binalarda xüsusi işıqlandırma ilə Azərbaycan bayrağı əks olunub.
Qazilər.az xəbər verir ki, eyni zamanda Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Heydər Əliyev Mərkəzinin binası üzərinə də Azərbaycan bayrağı videoproyeksiya olunub.
Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.
44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən müharibəsi adı ilə düşdü.
Təəssüflər olsun ki, qələbə itkisiz olmur. Müdafiə Nazirliyinin 2021-ci ilin iyulun 14-nə olan məlumatına əsasən, Silahlı Qüvvələrin Vətən müharibəsində şəhid olaraq dəfn edilən hərbi qulluqçularının sayı 2 907 nəfərdir, 7 hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Məhz həmin qəhrəmanlarımız otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan xalqına öz qanı və canı hesabına böyük qələbə yaşadıb. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa arzulayırıq!



