Bakı Ali Neft Məktəbində (BANM) Avrasiya Universitetlər Birliyinin (EURAS) prezidenti, Türkiyənin İstanbul Aydın Universitetinin təsisçisi, professor Mustafa Aydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
BANM–dən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ali məktəbin rektoru Elmar Qasımov rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, üç il ərzində qazandığı uğurlar, beynəlxalq əlaqələri və burada tədris prosesinin təşkili barədə ətraflı məlumat verib. Rektor BANM-də dünya standartlarının tələblərinə cavab verən yüksəkixtisaslı, ingilisdilli mütəxəssislərin hazırlandığını qeyd edib.E.Qasımov BANM-də təhsil və təlim prosesində beynəlxalq standartların tətbiqinə verilən xüsusi önəmdən və tələbələr üçün istehsalat təcrübəsinin təşkilindəki müxtəlif beynəlxalq şirkətlərinin rolundan da bəhs edib. Rektor BANM-in Avrasiya Universitetlər Birliyinə üzv olan ali məktəblərlə müxtəlif istiqamətli layihələr çərçivəsində əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Professor M.Aydın rəhbərlik etdiyi qurum haqqında geniş məlumat verib. O, EURAS-ın 2008-ci ildə İstanbulda təsis edildiyini, Avropa, Asiya və Yaxın Şərq regionlarından olan 80-dən artıq universiteti özündə birləşdirdiyini söyləyib. EURAS-ın prezidenti bu qurumun həyata keçirdiyi layihələr, universitetlər arasında mübadilə proqramları, birgə elmi tədqiqatlar, nəşrlər, müəllim və tələbə mübadiləsi, təqaüdlü proqramlar, yay təcrübəsi və yay məktəbləri haqqında ətraflı danışıb. EURAS-ın üzvü olan universitetlər arasında işbirliyinin gücləndirilməsinin və yeni layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğu, qurumun BANM ilə də gələcəkdə bu istiqamətdə əməkdaşlıqda maraqlı olduğu bildirilib.
Görüşdə tərəflər arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.