Qənirə Paşayeva türkiyəli aydınlarla görüşdü

Qənirə Paşayeva türkiyəli aydınlarla görüşdü backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyədən olan tanınmış təşkilat rəhbərləri və ziyalılar ilə görüşüb.

Qazilər.az xəbər verir ki, Mədəniyyət Komitəsində baş tutan görüşdə Bolu, Rizə, Muğla, Sakarya, Çanaqqala Odalar və Borsalar Birliyi rəhbərləri iştirak edib.

Görüşdə ölkələrimiz arasında günü-gündən güclənən qardaşlıq, dostluq və strateji əməkdaşlıqdan məmnunluq ifadə olunub. Görüş iştirakçıları humanitar sahədə əməkdaşlığın genişlənməsinin xalqlarımızın qardaşlığına, strateji əməkdaşlıq ruhuna cavab verdiyini, bununla belə daha böyük işlər üçün də potensialın mövcud olduğunu vurğulayıblar.

“Qardaş xalqlar, ölkələr arasında sosial-mədəni, humanitar sahələr daxil olmaqla, bütün əməli fəaliyyət sahələri üzrə işbirliyinin güclənməsi məram və məqsədlərimizə cavab verir. Bu anlamda, Türkiyənin bir neçə vilayətini təmsil edən Odalar və Borsalar birliklərinin dəyərli başqanları olaraq sizlərin ölkəmizə səfəri çox faydalıdır. Sizin səfər müddətində Ağdam şəhərinə getməyiniz xüsusi anlam daşıyır və mən də şəxsim adına, Komitəmiz adına sizə təşəkkür edirəm. Siz qardaşlarımızın mənəvi dəstəyi ilə müharibədə necə zəfər qazandıqsa, quruculuq, abadlıq işlərində də elə başaralı olacağıq.

Məmnuniyyətlə bildirmək istərdim ki, qardaş Türkiyə, o cümlədən təmsil etdiyiniz şəhərlər haqqında maraqlı bilgilərin toplandığı “Addım-addım Türkiyə” çoxcildliyimiz artıq çap prosesindədir. Mən bu əsəri könlümün istəyi ilə qələmə almışam. Ümid edirəm ki, “Addım-addım Türkiyə” türkiyəli qardaş-bacılarımızın xoşuna gələcəkdir”, - millət vəkili deyib.

Komitə sədri qardaş ölkə ictimai liderlərinə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Qənirə Paşayeva Türkiyədən olan alimlər – Amasiya Universitetinin professorları – keçmiş rektor Mətin Orbay və Mehmet Kara ilə görüşüb.

“Qardaş xalqlar, ölkələr arasında ən əsas bağlardan biri məhz mədəniyyətdir. Mədəniyyət, elm-təhsil xadimləri arasında güclü işbirliyinin olması mühüm faktordur. Bu planda sizin kimi təcrübəli aydınların verə biləcəyi töhfələr danılmazdır”, - Qənirə Paşayeva deyib.

Komitə sədri hər iki alimə də Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Diaspora