Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə iclas keçirilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda tibb müəssisələrindəki həkim-məsləhət komissiyalarının fəaliyyətinin və tibbi-sosial ekspert komissiyalarına göndərişlərin vəziyyətinin daha da yaxşılaşdırılması ilə əlaqədar məsələ müzakirə edilib.
Birgə iclasda Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov pensiya və müavinətlərin dayanıqlı maliyyə təminatının formalaşdırılmasını ölkədə həyata keçirilən uğurlu sosial siyasətin bəhrəsi kimi dəyərləndirərək, bu sahədə görülən işlərdən danışıblar.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Qadir Əliyev ötən yarım ildə rayonlar üzrə tibbi-sosial ekspert komissiyasına göndərilən müraciətlər, ekspertizadan keçən xəstələr, əlillik qrupu təyin edilən, əlavə müalicəyə qaytarılan, əlillikdən imtina olunan xəstələr haqqında məlumat verib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov tibb müəssisələrində həkim-məsləhət komissiyalarının fəaliyyəti, tibbi-sosial ekspert komissiyalarına göndərişlərin vəziyyəti barədə çıxış edib.
Bildirilib ki, əlilliyin qarşısının alınması və əlillərin reabilitasiyası sahəsində aparılan məqsədyönlü tədbirlər nəticəsində tibbi-sosial ekspert komissiyasına göndərişlərin sayı ilbəil azalır. Məsələn, 2015-ci ilin ilk yarısında səhiyyə müəssisələri tərəfindən əlillik qrupu almaq üçün ilkin göndərişlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 nəfər azalıb.
Tədbirdə həkim-məsləhət komissiyaları tərəfindən tibbi-sosial ekspert komissiyasına göndərişlərin təlimata uyğun həyata keçirilməsi, imtiyazlı əlillərin nəqliyyat vasitələri ilə təmin olunmasında tam şəffaflığın yaradılması barədə müvafiq tapşırıqlar verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.