Aqil Abbas: Nə mutlu Ağdamlıyam deyənə!

Aqil Abbas:  Nə mutlu Ağdamlıyam deyənə! backend

Və ya Acun Ilıcalı axırda Ağdamlı çıxacaq

Azərbaycanın Ermənistan  üzərində 44 günlük  müharibədən qələbə  ilə  çıxmasından sonra  mətbuatda  tez-tez rast gəlirik ki, heç demə bir çox  tanınmış şəxslər  əslən azərbaycanlı kökənli imiş. Oxudum ki, Türkiyənin TV-8 kanalının  məşhur sahibi  Acun  Ilıcalı bu günlərdə belə bir  açıqlama  verib ki, əslən Azərbaycan  kökənlidi. Bu xəbəri  oxuyan millət  3 gün çörək yemədi.  Ona görə yox ki,  çörək bahalaşıb, Acun  bəyin azərbaycanlı  olmağının  sevincindən.

Ağdam Qarabağın  paytaxtıydı  və yenə  paytaxtı olacaq. Qarabağın  ətraf rayonlarından yüz il bundan əvvəl Ağdama  köçmüş qeyri-ağdamlılar Ağdamın Ağdam vaxtında ağdamlı  olmaqları ilə  fors edərdilər. Şəhər  işğal olunandan sonra onlardan çoxu ağdamlı olduqlarını  dandılar:

- Əşi, mənim babam filan rayondan köçmüşdü  Ağdama...

- Mənim babam bəhmən rayondan  gəlmişdi…

- Atamın  nənəsi  filan rayondandı…

- Əşi,  bizim  əslimiz  Sisyandandı. Ötən  əsrin  əvvəllərində  gəlmişik buralara… 

Və sair və ilaxır.

Və bunu  deyən adamların  hamısını demək olar ki, tanıyırdım. Vaxtilə  «ağdamlıyam» deyib şeşələndiklərinin də şahidi olmuşdum.

İndi Ağdam  azad olunub, Möhtərəm  Prezident İlham Əliyev yüz minlik qeyri-adi bir Ağdam şəhəri tikir. Baxıram, həmin  adamlar  yenidən  ağdamlı  olublar.

Seçkilər vaxtı görüşlərdə tez-tez belə bir sualla rastlaşırdım:

- Məllim, baxırıq televiziyadakı  çıxışlarında da, yazılarında da deyirsən  ki, mən ağdamlıyam. Amma  tərcümeyi-halında  yazılıb ki,  Ağcabədinin Bayat kəndində doğulmusan, on  yaşında köçmüsünüz Ağdama. Nəyin xətrinə deyirsən ağdamlıyam, axı sən ağcabədilisən?!

Mən də  adətən belə cavab verirdim:

- Bəli,  mən  Bayatdanam. Nə qədər  Ağdam işğal altındadı, özümü  ağdamlı sayıram. İnşallah, Ağdamı  azad edərik, ondan  sonra deyərəm ağcabədiliyəm.

Bu cavabdan sonra  suala  görə  məndən  üzr istəyənlər də  olurdu.

İndi Ağdam  azad olub. Ağdam  azad olunandan  sonra bir neçə dəfə bu dağılmış şəhəri, o viran  olmuş şəhəri  bitdə-bitdə gəzmişəm və görmüşəm ki,  Ağdamın ölüsü də gözəldi.

Nə mutlu AĞDAMLIYAM deyənə!

Diaspora