Samux rayonunda ilin birinci yarısında 476 yeni iş yeri yaradılıb

Samux rayonunda ilin birinci yarısında 476 yeni iş yeri yaradılıb backend

İlin birinci yarısında Samux rayonunda 47 milyon 468,7 min manatlıq, yəni 5,4 faiz çox məhsul istehsal edilib. Ötən altı ayda əhalinin məşğulluğunun təmin edilməsi diqqət mərkəzində saxlanılıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 81 layihə üzrə 1066,0 min manat güzəştli kredit verilib ki, onun da hesabına yaradılan istehsal sahələrində 476 yeni iş yeri açılıb.



AZƏRTAC xəbər verir ki, bu fikirlər Samux Rayon İcra Hakimiyyətinin yarım ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında səsləndirilib.

Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Qocayev deyib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yerinə yetirilməsi istiqamətində rayonda xeyli iş görülüb. Belə ki, cari ilin ötən 6 ayı ərzində inşasına keçən il başlanan və hər biri 100 yerlik olan iki körpələr evi-uşaq bağçasında tikinti işləri başa çatdırılıb. Heydər Əliyev prospekti ilə kəsişən Nizami Gəncəvi və Mirzə Ələkbər Sabir küçələrində 150 metr uzunluğunda yeni yol salınıb, yolun sağ və sol tərəfində 300 paqonmetr səki daşı düzülüb. Məhəmməd Əsədov küçəsində təmir işləri aparılıb, su arxları, suötürücü borular və kommunikasiya xətləri yenilənib. Hazırda küçənin işıqlandırılması işləri aparılır. Bundan başqa, Seyidlər kəndinin mərkəzi hissəsində 500 metr yola asfalt döşənib. Qarayeri-Qaraarx yolunun əsaslı təmirinə başlanılıb və qısa vaxt ərzində yolun 2 kilometrlik hissəsi asfaltlanıb. Həmçinin Qarayeri və Qırmızı Samux qəsəbələrində, Sarıqamış, Qovlarsarı, Yenikənd, Salahlı, Burunqovaq və Hacallı kəndlərində daxili küçə və yollarda təmir işləri aparılıb.

Yığıncaqda qeyd edilib ki, rayon iqtisadiyyatında mühüm rol oynayan sahibkarlığın inkişafına xüsusi diqqət yetirilib. Məhz bunun nəticəsidir ki, altı ayda 308 yeni sahibkarlıq subyekti fəaliyyətə başlayıb. Rayonun Sarıqamış kəndi ərazisində 2500 başlıq iribuynuzlu mal-qara üçün nəzərdə tutulmuş heyvandarlıq kompleksində işlər sürətlə davam etdirilib. Kompleksdə mal-qaranın baş sayı 2000-ə çatdırılıb və 700 bala alınıb. Burada gün ərzində 5000 litr süd istehsal olunur.

Diqqətə çatdırılıb ki, rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Dövlətimizin göstərdiyi diqqət və qayğıdan bəhrələnən fermerlər cari ilin birinci yarısında da uğurlu göstəricilərə nail olublar. 8 min 583 hektar sahədə taxıl yetişdirən fermerlər 27 min 757 ton məhsul toplayıblar ki, bu da hər hektardan 32,3 sentner taxıl deməkdir.

Yığıncaqda rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrinin fəaliyyəti ilə bağlı aparılan müzakirələrdən sonra cari ilin ikinci yarısı üçün qarşıda duran vəzifələrlə bağlı qərar qəbul edilib.

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Valeh Ələsgərov yığıncaqda çıxış edərək, altı ayda ölkədə qazanılan uğurlardan, eləcə də bu nailiyyətlərin daha da artırılması üçün samuxluların üzərinə düşən vəzifələrdən danışıb.
Diaspora