QAZİLER.AZ BBC-yə istinadla bildirir ki, Azərbaycan şərqi Türkiyədən keçən Bakı-Tbilisi-Ərzurum qaz xəttində baş vermiş partlayışdan "zərər görməyib",- Dövlət Neft Şirkəti bildirib. ARDNŞ-in sözçüsü Nizaməddin Quliyev bildirib ki, profilaktik təmir işlərinə başlanıldığı üçün hadisədən bir neçə saat öncə həmin qaz kəmərinin Türkiyəyə qədər olan hissəsinə mavi yanacaq verilməyib.
Çərşənbə axşamı erkən səhər saatlarında Qars vilayətinin Sarıkamış qəsəbəsindən keçən Bakı-Tbilisi-Qars-Ərzurum boru xətti partladılıb, Anadolu agentliyi vilayətin valisi Günay Özdemirə istinadən yazır."Lazımi tədbirlər görülüb və partlayış barədə təhqiqat aparılır", Özdemir bildirib.
Partlayışın səbəbləri hələlik bəlli deyil. Cənab Özdemir əlavə edib ki, bölgəyə qaz verilişi dayandırılıb və yanğının meşəyə keçməsinin qarşısı alınıb.
Şahidlərin sözlərinə görə, partlayışdan sonra borudan çıxan qaz səsi 20 km məsafədə olan Sarıkamış qəsəbəsindən eşidilib, AA yazır.
Azərbaycan tərəfi deyib ki, qaz kəmərinin partlayışın baş verən hissəsinin mühafizə işini Türkiyənin Botaş şirkəti həyata keçirir.
"..xoşbəxtlikdən qrafikə uyğun olaraq cari təmir işləri ilə əlaqədar dünən axşamdan, yəni partlayış baş verməmişdən 8-9 saat əvvəldən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyəyə qədər olan hissəsinə qaz verilməyib. Buna görə də Azərbaycan tərəfinə ziyan dəyməyib", ARDNŞ sözçüsü APA-ya deyib.
Agentlik yazır ki, ötən həftə cənub-şərqdə, Şırnak rayonunda Kirkuk-Ceyhan neft boru kəməri partladılıb və buna görə Kürd İşçi Partiyası (PKK) qiyamçıları təqsirləndirilib.