"İnam" doğru yolu göstərir

"İnam" doğru yolu göstərir backend

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

 

Əsas məqsəd milli-mənəvi dəyərləri topluma düzgün çatdırmaq, gənclərimizi yad təsirlərdən qorumaqdır

 

 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin milli dəyərlərə həssaslığı dövlət siyasətində daim özünü göstərir. Milli dəyərlərə hörmət, onların qorunması, bu istiqamətdə atılan məqsədyönlü addımlar deyilənlərə sübutdur.  Lakin cənab Prezident çıxışlarında dəfələrlə həm də bunu vurğulayıb ki, Azərbaycanın  əsas üstünlüyü çoxmillətli ölkə olması, milli dəyərlərlə yanaşı dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün xalqların mənəvi dəyərlərinə hörmətlə yanaşması və onları mühafizə etməsindədir. Azərbaycan xalqının gücü, dövlətimizin qüdrəti də ilk növbədə bundadır. 

 

44 günlük Vətən müharibəsində də biz bunun şahidi olduq. Ölkənin dörd bir yanından könüllülər orduya axın etdi və cəbhə bölgəsinə, ən qızğın atəş nöqtələrində xidmət etməyə hazır olduqlarını bildirdilər.  Danılmaz həqiqətdir ki, Azərbaycan xalqının birliyi sarsılmazdır.  Lakin bu birliyi həzm edə bilməyənlərin, Azərbaycanın regionda əsas söz sahibi olduğu  gercəyini qəbul etmək istəməyənlərin varlığını da unutmamalıyıq. Məhz bu qüvvələr daxildə etnik qarşıdurma, dinlərarası narazılıq yaratmağa çalışır.

 

Təsadüfi deyil ki, cənab Prezident Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən gənclərimizin bundan sonra da yad təsirlərdən qorunmasının vacib olduğunu vurğuladı.

 

Prezident qeyd etdi ki, gənclərimiz ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır. Milli dəyərlər bizim üçün əsas prinsipdir.  Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri düzgün istiqamətdə aparılmalıdır.

 

Sirr deyil ki, bəzi xarici qüvvələr ölkə daxilində qarşıdurma yaratmağa cəhd edərkən radikal dini düşüncələri önə çəkir. Həssas qrupları, eləcə də gəncləri hədəf alaraq ziyanlı fikirləri onlar vasitəsilə yaymağa çalışırlar. Dinin həssas mövzu, spesifik sahə olduğunu diqqətə alsaq, bədxahların niyə məhz bu sahəni seçdiyi aydındır. Bu cür zərərli meyillərin qarşısını isə ilk növbədə dini sahədə maarifləndirməni gücləndirməklə almaq mümkündür. “Şərq”ə açıqlamasında “Space” telekanalaında yayımlanan “İnam” verilişinin müəllifi və aparıcısı, şərqşünas Seyid Camal Əzimbəyli illərdir ki, məhz bu sahədə fəaliyyət göstərdiklərini bildirdi:

 

- “İnam” verilişi artıq 5-ci ildir ki, efirdədir. Həm də dini mövzulu yeganə canlı efirdir.  Bunu tərif və ya gördüyümüz işi yüksək qiymətləndirmək məqsədilə demirəm. Qeyd edim ki, “İnam” verilişi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  dəstəyi ilə efirə çıxır. Dini mövzulu digər proqramlar da var. “Asan Radio”dakı verilişə də DQİDK dəstək verir. İctimai Televiziyada “Din və Cəmiyyət”, “Mədəniyyət” kanalında “Haqqın dərgahı” proqramları da dini maarifləndirmə istiqamətində çalışırlar.

 

Əsas məsələ milli-mənəvi dəyərləri topluma düzgün çatdırmaq, gənclərimizi yad təsirlərdən, radikal dini təfəkkürlü çağırışçılardan, təkfirçi düşüncəlilərdən qorumaq, onlara islamı olduğu kimi təbliğ etməkdir. Bilirsiz, nə qədər gənc “İnam” verilişinin kollektivi ilə istər yayımdan əvvəl, istərsə də sonra görüşür və bizə təşəkkür edirlər ki, sayənizdə islamı anlamağa başladıq, zərərli düşüncələrdən xilas olduq. Bu, ümumilikdə Azərbaycanda dini maarifləndirmə, dini tolerantlıq sahəsində aparılan dövlət siyasətinin nəticəsidir. “İnam” verilişi də, bütün digər bu məzmunlu proqramlar da bu siyasətin bəhrəsidir.

 

Biz çox şadıq ki, “İnam” verilişi şəhid və qazi ailələri üçün daha bir tribunadır. Bu proqramı onlar  özlərinə mənəvi təsəlli hesab edirlər. Bəlkə də izləmisiniz, şəhid anaları, şəhid ailələrinin üzvləri canlı yayıma tez-tez  bağlanırlar. Təşəkkür edirlər, proqram ərzində oxunan duaların ruhi rahatlıq verdiyini deyirlər. Proqramı izləyənlər də canlı yayıma qoşularkən ilk növbədə Ali Baş Komandana, qalib ordumuza, şücaətli əsgərlərimizə dua etməyimizi xahiş edir. Bununla izləyicilərimiz daxili rahatlıq tapır, duaların qəbul olunacağına inanırlar. Yayıma qoşulan şəhid ailələri bizi evlərinə dəvət edir. Və ertəsi gün “İnam” kollektivini evinin qapısında görən bir şəhid anasının, şəhid bacısının hansı hisslər keçirdiyini məncə, anlatmağa ehtiyac da yoxdur. 

 

S.C.Əzimbəyli qeyd etdi ki, “İnam” verilişində ilahiyyatçılar, din xadimləri ardıcıl çıxışlar edir. Bu isə dini maarifləndirmə və ölkədəki ümumi dini mənzərənin auditoriyaya çatdırılması baxımından vacibdir:

 

- Vətəndaşın inandığı, sözünə etibar etdiyi din xadiminin, ilahiyyatçının ölkədəki mövcud dini durum, həm islam, həm də qeyri-islam dinlər barədə məlumat verməsi, dini qaydaları, islamın daşıdığı missiyanı düzgün anlatması vətəndaşların doğru bilgi əldə etməsinə xidmət edir. Bəzi insanların yanlış istiqamətə yönlənməsi məhz islam və ya qeyri-islam dinlər barədə düzgün məlumatlara sahib olmamalarından irəli gəlir. İstər ilahiyyatçı olsun, istərsə də din xadimi Vətənini, dövlətini, bayrağını sevirsə, insanların doğru məlumatlanmasına çalışmalıdır. Doğru yola bunun sayəsində nail olunur. Öz adımdan deyə bilərəm ki, “İnam” verilişi efirə çıxdığı gündən məhz bu missiyanın daşıyıcısıdır. Nə qədər buna nail oluruq, yəqin ki, izləyicilərimiz ən doğrusunu söyləyər.  (şərq.az)