“Şəhid olsaydım, heç vaxt istəməzdim ki, övladım dönər dilənsin” - Qarabağ qazisi

“Şəhid olsaydım, heç vaxt istəməzdim ki, övladım dönər dilənsin” -  Qarabağ qazisi backend

İkinci Qarabağ Müharibəsindən sonra şəhid ailələrinə xüsusi həssaslıq göstərilir. İctimai iaşə obyektləri ayrıca fərqlənməyə çalışır. Şəhid ailələrinə, övladlarına pulsuz xidmət göstərməyə hazır olduğunu bildirən neçə obyekt önə çıxıb. Hətta dönərxanaların üzərində də bu qəbildən olan ifadələr yazılır.

Bizimyol.info xəbər verir ki, Qarabağ qazisi dönərxanalara etirazını bildirib. Bəhram Nuruyev sosial şəbəkə hesabında ucuz reklamları vitrinlərdən yığışdırmağın zamanı çatdığını yazıb.

“Qarşımıza şəhərdə bu cür elan yazılmış dönərxanalar, qutab evləri, kafe, taksi, çörək mağazası çıxır. Heç bir şəhid uşağı gəlib dönərxananın qarşısında “əmi, mən şəhid övladıyam, mənə dönər ver” deyib 1-2 manatlıq dönər istəməyi və yaxud 3 manatlıq yolu ucuz getməyi, ya da vitrindən pulsuz çörək almağı qüruruna sığışdırmaz. Başa düşmək olar ki, həmin obyekt yiyəsi hansısa harın məmurdan fərqli olaraq öz vətənpərvərlik duyğusuna qapılıb, yaxud da şəhidlərə hörmət olaraq bunu yazıb. Amma şəhid övladı dilənçi deyil ki, gəlib vitrinin qabağında nəsə istəsin”.

Bəhram Nuruyev etiraz yazısına bir foto əlavə edib. Burada “Zurna Dönər” adlı obyektin girişinə “Şəhid övladları üçün pulsuzdur. Atalarınız pulunu ödəyib” yazıldığı görünür. Döyüşlərdə sağlamlığı ciddi zərər görmüş müharibə iştirakçısı şəhid ailələrinə mesaj verməyin daha uyğun variantları olduğunu düşünür.

“Sən dönər vermək istəyirsən, ərazidəki şəhidləri və övladlarını tanıyırsansa, öz vətənpərvərlik duyğunla apar evlərinə bir bağlama dönər hədiyyə et, qayıt. Bu, sadəcə, mənim düşüncəmdir. Ola bilsin ki, səhv prizmadan baxıram bu cür hallara. Ona görə də xahiş edirəm ki, səhvimi düzəltməkdə kömək edəsiniz. Amma bir daha onu demək istəyirəm ki, mən şəhid olmağı çox arzu etdim, qismət olmadı. Şəhid olsaydım, heç vaxt razı olmazdım, övladım 1.50-lik dönəri gedib mənim adımdan isdifadə edib kimdənsə dilənsin”.

Bəhram Nuruyev müharibədə kantuziya alıb. Qarabağ qazisi təxminən bir ay əvvəl 1 saylı Respublika Xəstəxanasına yerləşdirilmişdi.

Diaspora