Sevgi o qədər izaholunmaz hissdir ki, onu söz və ya görüntü ilə insanlara anlaya biləcəyi qədər çatdırmaq üçün dahi olmaq gərəkdir. Musiqi ilə çatdırmaq bəlkə də bir az asandır. Çünki musiqi ürəyə və damara daha tez yol tapa bilir. Amma bunu görüntülərlə çatdırmaq düşünən beyin tələb edir. Sevgi hissdir. Onu yaşamayan insan, onu anlamaz. Başqasına isə bu hissləri izah etsə belə, anlada bilməz.
Biz sevgini ya yaşamışıq, ya filmlərdən izləmişik, ya da romanlardan oxumuşuq. Son vaxtlar mediada və sosial şəbəkələrdə müzakirə mövzusu olan “Soyuq günəş” filmini mən də izlədim. Və nə yaxşı ki, izlədim. Zövq aldım və filmi yaşadım da deyə bilərəm.
Sözsüz ki, filmdə qüsurlar olmamış deyil. Hətta bununla bağlı onlarla fikirlərə də rast gəldim və onların heç birini təkzib etmək fikrində deyiləm. Heç təsdiq etməyi də düşünmürəm.
Mən film üzrə mütəxəssis deyiləm. Onun texniki, vizual problemlərini görmək, çatışmazlıqlarını aşkar edəcək qədər bu sahəni detalları qədər bilən şəxs də deyiləm. Orta statistik izləyiciyəm. Və bu cümlələri də elə orta statistik bir izləyici olaraq yazıram. Film ürəyimə yatdı. Qibləsi sevgi olan bir izləyici kimi film məni tutdu da deyə bilərəm. Film sevginin qarşılıqsız hiss olduğunu izləyiciyə (konkret halda bu izləyici özüməm) çatdıra bildi.
Son illərdə Azərbaycan istehsalı olan filmlər yalnız komeiya janrında olub. Bizdə komediya janrı hətta bəzən şit olasa belə, tutub, deyə bilərəm. Digər janrlar isə uğursuz olub. Bəzi qorxu və yaxud dram janrında filmlər çəkilib. Amma bu bir həqiqətdir ki, həmin filmlərə də biz komediya kimi baxmışıq. Çünki aktyorlar qorxu və ya dram rollarını elə oynayıblar, rejissor qorxu və dram səhnələrini bizə elə təqdim ediblər ki, biz həmin səhnələrə komediya kimi baxmışıq. Gülmüşük. Ən azından dodağımız qaçıb.
“Soyuq Günəş” müasir Azərbaycan kinemateqrofiyasında dram janrında çəklimiş ən mükəmməl filmdir. Ola bilsin qüsurlar var, amma mən onları görmürəm. Ya da bu janrda o qədər bərbad filmlər var ki, bu filmdə həmin qüsurları görünməz dərəcədədir. Görmək istəməmişəm. Sadəcə gözəllik axtarmışam. Və onu tapmışam. Zatən min eybəcərlik içində bir gözəllik varsa, həmin gözəlliyə fokuslanan bir xarakterdəyəm. Bir daha deyirəm, bunu orta statistik izləyici kimi deyirəm. Filmdə elə mesajlar var ki, bunu sadəcə yaşayanlar anlaya bilər.
Bu hisslər dahi rejissor Kristofer Nolanın “İnterstellar”ıda var. Orada da böyük sevgi hisiyyatından anıltılar mövcuddur. Ata və qızı arasında. Sevgi sevgidir. Fərqi yoxdur iki qardaş arasında, ana-bala arasında və yaxud kişi və qadın arasında.
Nolanın filmində belə bir sevgi hissiyatı hətta planetlər arasında ata və qızı arasında altıncı hisslə tamaşaçıya çatdırılır. Dramatik bir halda. Sonsuz bir sevgi ilə. Fizika və insan psixologiyasının bütün qanunlarına uyğun olaraq. Tamaşaçının anlaya biləcəyi bir şəkildə və ürəyinin sarı simlərinə toxunmaqla.
Amma “Soyuq Günəş”də görünür ki, bilərəkdən bu hisiyyat bağı birtərəfli şəkildə pozulub. Elə filmi bəlkə də maraqlı edən budur. Bəlkə də “Soyuq günəş”in rejissoru bu priyomu təkrarlasaydı, altıncı hiss qarşılıqlı olsaydı, bu film də komediyaya oxşayan digər dram filmlərimizdən fərqlənməzdi.
Filmi izləyib qurtarana kimi onun haqda heç bir araşdıma aparmadım. Hətta aktyorların 90 faizini tanımadım. Özümdə hansısa öntəssürat yaratmamaq üçün film haqda heç bir fikri oxumadım. Bu məndə obyektiv təəssüratın yaranmasına imkan verdi.
Bundan əvvəl dram janrında olan Azərbaycan və Türkiyənin birgə istehsalı “Mahmud və Məryəm” filmini yadımda qalıb. O da məndə müsbət fikir yaratmışdı. Sadəcə “Əsli və Kərəm”in taleyini Azərbaycanda bilməyən az adam var. Elçinin “Mahmud və Məryəm”ini də oxuyan çoxdur. Bu üzdən həmin film bir yenilik deyildi. Sadəcə bildiklərimizin görüntü ilə çatdırılmasıydı. Amma “Soyuq günəş” tam yeni bir temadır. Həm mədəniyyət baxımından, həm də romantika, etnos, dünyavilik və bir sevgi macərası baxımından.
Hə, bir də filmin musiqisi. Tamamlayırdı görüntüləri. Filmi izləyəndən sonra bir araşdırma etdim. Sən demə, filmin ssenari müəllifi, eyni zamanda sifarişçisi, ləzgi xalqının nümayəndəsi olan bir xanımdır və musiqini də özü bəstələyib. Bir daha deyirəm, mən pozitivliyə fokuslanan xarakterdə olduğumdan neqativləri sadəcə görə bilmədim. Və yaxud görmək istəmədim. Çünki, bu filmdə neqativlər digərləri kimi gözə girmirdi.
Sevgi, dram və həm də faciəli iki tale izləyicinin anlayacağı, hiss edə biləcəyi tərzdə tamaşaçıya çatdırılıb. Bir daha qeyd edim, film bir şəxsin – ssenari müəllifi olan xanımın öz şəxsi vəsaiti hesabına çəkilib. Və hiss olunur ki, filmin böyük büdcəsi olmayıb. Kenemateqofiyamızın inkişafına maraqlı olan dövlət qurumları, aidiyyatlı təşkilatlar sanıram ki, bu kollektivə - A-dan Z-yə kimi dəstək olmalıdır.
Və sonda, məncə filmi izləsəniz heç nə itirməzsiniz.
Elnur Məmmədli
yenisabah.az