Qarabağın böyük bir hissəsinin erməni işğalından azad edilməsi ilə nəticələnən 44 günlük Vətən Müharibəsində könüllü olaraq döyüşə yollanan oğullarımızdandır Məhəmməd.
Müharibənin ilk günlərindən savaşa atılmışdı. Sakit təbiətli, bir az da utancaq Məhəmməd özü haqda danışmağı sevmədiyinə görə əsas müsahibim balalarını böyütmək üçün necə deyərlər, "kipriyi ilə od götürən" anası Tahirə xanım oldu.
Övladının müharibəyə getməsini, savaşda yaralanmasını özünə dərd etməzdi. Onu məmurların, əlaqədar şəxslərin, həkimlərin biganəliyi yandırır. Min bir əzab-əziyyətlə təkbaşına böyütdüyü övladının müalicə etdirə bilməməsi onu çox incidir...
Söhbətə övladının uşaqlıq illərindən başladı
1994-cü il, yanvarın 18-də Bakı şəhərində doğulan Məhəmməd Məmmədlinin uşaqlığı çətin keçib. Anası tək böyüdüb onu və bacısını. Çox əziyyətlər çəkiblər. Maddi sıxıntı içərisində yaşamağa məcbur olublar. Çünki tək ananın qazancı ilə dolanmaq olmurdu. Ana səhər saat səkkizdən axşam səkkizə qədər işdə olub. Bütün günü evdə tək qalan uşaqlar belə demək olarsa "özbaşına" böyüyürdü. Amma Məhəmməd dərslərini yaxşı oxumaqla yanaşı anasına da kömək edirdi. Təki anası fikir çəkməsin...
Ailədə hər kəs bilirdi ki, çətinliklər müvəqqətidir. Hər kəsin əli çörəyə çatıncadı...
Məhəmməd orta məktəbi bitirib Azərbaycan Dövlət Neft Akademiyasına daxil olanda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti - A.S.) anasının sevincinin həddi-hüdudu yox idi. Əməyi hədər getməmişdi...
İki müharibə görüb Məhəmməd. Aprel döyüşlərində də iştirak edib.
Hərbi xidmətini Xocavənddə keçib. Hərbi xidmətdə olanda Aprel döyüşləri başlayıb və Məhəmməd o 4 günlük savaşın da od-alovundan keçib. Allah kömək olub, sağ-salamat çıxıb o döyüşdən...
İşi də var idi. Amma Vətənin dar günündə o kənarda qalmaz, qala bilməzdi. Ona görə də Qarabağın mənfur düşməndən təmizlənməsi uğrunda gedən o müqəddəs savaşa qatılıb. Xocavənd və Füzuli uğrunda gedən döyüşlərin iştirakçısı olub. Keçən il, oktyabrın 6-da Füzulidə yaralanaraq hospitala aparılıb, sonra Bakıdakı Mərkəzi Hərbi Klinik Hospitala çatdırılıb. bir neçə gün sonra yenidən döyüş bölgəsinə qayıdır. Müharibə bitəndən sonra evə qayıdan Məhəmməddə müharibə öz fəsadlarını kəskin şəkildə göstərməyə başlayır: çox ağır baş ağrıları, hər iki gözündə sürətlə gedən zəifləmə prosesi. Çox vaxt gecələr baş ağrısından yata bilmir, bu da onun əsəblərinə təsir edir.
21 may 2021-ci il tarixdə hərbi həkim komissiyası tərəfindən xəstəliyi ilə bağlı arayış verilir. Partlayış travması nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı və s. diaqnozlar qoyulur. Amma müalicə ala bilmir.
Yeri gəlmişkən, Müdafiə Nazirliyinin hərbi həkim komissiyasının qoyduğu bu diaqnozla verdiyi arayışda Məhəmməd Məmmədlinin orduya yararlı olduğu qeyd olunur. Qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı olan, gözləri zəifləməkdə olan şəxs necə orduya yararlı ola bilər?! Hardadı vicdanınız?!
Tahirə xanım deyir ki, oğlunu müalicə etdirmək üçün "Yaşat" Fonduna, Yeni Azərbaycan Partiyasına müraciət edib.Nizami və Xəzər rayonlarının icra hakimiyyətindəki nümayəndələrlə görüşüb (icra hakimiyyəti başçılarının qəbuluna düşə bilməyib). "Oğlumu müalicə etdirmək üçün onun xəstəliyi ilə bağlı sənədləri toplayıb "Yaşat" Fonduna getdim. Fonddan mənə bildirildi ki, Məhəmməd Məmmədlinin xəstəliyi haqda sizə arayış verilib, şəhadətləndirilməyib. Ona görə sizə yardım edə bilməyəcəyik" - deyə keçmiş döyüşçünün anası bildirib.
"Mənim oğlum yolda getdiyi yerdə yıxılıb başından zədə almayıb axı. O, Vətən uğrunda döyüşərək yaralanıb. Bu gün onu müalicə etdirməyə imkanım yoxdur, əlaqədar şəxslər isə yaxasını kənara çəkir. Neyləyim?! Övladım ağrılar içində əzab çəkməlidir? Məhəmməd bir dəfə müalicə üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitala müraciət edib. Ona istifadə tarixinin bitməyinə 3 gün qalan iki dərman veriblər ki, başın möhkəm ağrısa bu dərmanları içərsən. Hətta "biz özümüz sənə dərman vermirik ki, öyrəncəli olmayasan. Qorxma, 3-5 ilə baş ağrıların keçəcək". Bu da həkimlərin yəqin ki yeni müalicə metodudur".
Bu həkimlərə "Hippokrat andı qənim olsun desək" yəqin ki, zarafat etdiyimizi sanarlar. Onda "başlarına gəlsin" deyək ki, bəlkə vicdanları oyana. O da əgər varsa...
Keçmiş döyüşçünün anası çox narahatdır. Övladını müalicə etdirə bilmək onun yeganə arzusudur: "Heç nə istəmirəm. Tək istəyim Məhəmmədin müalicə almasıdır: gözlərindəki zəifləmə irəliləməsin, baş ağrıları azalsın".
Ananın bu istəyi əlçatmaz deyil axı. Ana övladının ağrılardan xilas olmağını arzulayır sadəcə. Bunun üçün müharibə dəhşətlərini görüb yaşayan gəncin müalicə alması lazımdır. Bu onun HAQQIDIR. Buna ANANnın maddi imkanı çatmırsa o köməyi, məsələn, yaşadığı rayonun icra hakimiyyəti göstərə bilər. Müdafiə Nazirliyi onu müalicə etdirməlidir. Çünki Məhəmməd Məmmədli Vətəni müdafiə edərkən sağlamlığını itirib. Belə gənclərə qarşı bu cür biganə, mən deyərdim ki, düşmən münasibət onları ruhdan salır, VƏTƏNPƏRVƏRLİK ruhuna zərbə vurur. Etməyin. Düşmənlərimiz onsuz da çoxdur...
Arzu Səlim





