Bakıda peyvənd olunmaq istəyən şəxs poliklinikanın şüşəsini sındırıb.
Xezerxeber.az-ın məlumatına görə, insident ötən gün, günün ikinci yarısında Xətai rayonunda, 7 saylı şəhər poliklinikasında baş verib.
Həmin şəxsin şüşəni qıraraq içəri daxil olmasını ətrafda olanlar çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Poliklinikanın həkimi Günel Nuriyeva deyib ki, hadisənin baş verməsinə səbəb vətəndaşın onlayn növbə götürmədən poliklinikaya gəlməsi və növbədən kənar peyvənd olmaq istəməsi olub.
Səhiyyə Nazirliyindən də bildirilib ki, hadisə ötən gün axşam saat 18:40 radələrində baş verib. Növbədə dayanan vətəndaşlardan bir neçəsi sosial məsafənin qorunması üçün növbəli şəkildə tibb müəssisəsindən içəri buraxılır və qapı bağlanır. Həmin şəxs və həyat yoldaşı isə poliklinikanın qapısını sındıraraq içəri daxil olub. Həmin şəxslə bağlı artıq poliklinika rəhbərliyi hüquq-mühafizə orqanlarına məlumat veriblər.
Günel Nuriyeva poliklinikada yaranan sıxlığa da aydınlıq gətirib.
Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev "Xəzər Xəbər"ə bildirib ki, poliklinikanın şüşə qapısını sındıraraq 3 həkimə xəsarət yetirən şəxslə bağlı araşdırma aparılır.