Dövlət Sərhəd Xidmətinin “Horadiz” və “Lənkəran” sərhəd dəstələrində iyulun 31-də gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.
Xidmətdən Lent.az-a verilən məlumata görə, gənc əsgərlər təntənəli şəkildə hərbi anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb. Tədbirlərdə çıxış edənlər 13-cü ildönümü qeyd olunan Dövlət Sərhəd Xidmətinin sıralarına qatılmaları münasibətilə gənc əsgərləri təbrik ediblər.
Milli sərhəd strategiyasının təməlini qoyan Heydər Əliyevin dövlət sərhədlərimizin qorunmasına xüsusi diqqət yetirərək Dövlət Sərhəd Xidmətinin yaradılması barədə tarixi qərarının ölkəmizin sərhəd mühafizəsi tarixində yeni mərhələnin başlanğıcı olduğu, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ali diqqət və qayğısı sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığı, dövlət sərhədlərimizin toxunulmazlığının təmin olunması istiqamətində davamlı dinamik inkişafa nail olunduğu çıxışlarda xüsusi qeyd edilib.
Gənc əsgərlərin valideynləri yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, öz övladlarını təbrik edərək vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmağı tövsiyə ediblər.
Tədbirlər gənc əsgərlərin tribuna önündən təntənəli marşla keçidləri ilə başa çatıb.